Futzal üzrə Azərbaycan kubokunda yeni qalib olacaq. Apasport.az saytının məlumatına görə, buna 1/4 final mərhələsinin bu gün baş tutan son qarşılaşmasından sonra aydınlıq gəlib.
Azərbaycanın ən titullu klubu “Araz”ın da mübarizəni dayandırmasından sonra yarımfinalda heç vaxt kubok qazanmayan komandalar qalıb. Bunlar “Marafon Futsal”, “Uğur”, “Hell Energy” və “Yasamal-2”di.
Əvvəlki 23 kubok mövsümündə 9 komanda yarışın qalibi olub. Bu isə o deməkdi ki, cari mövsümün mükafatı başı üzərinə qaldıracaq komanda bu siyahıya kubokun 10-cu sahibi kimi düşəcək.
Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.
Digər kubok sahiblərindən EKOL üç (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərnattyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Üç komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 mövsümündə kuboku qazanıb.
Qeyd edək ki, ötən mövsümün “ABU Arena”da keçirilən finalında “Neftçi” “Baku Fire” üzərində 7:5 hesabı ilə qalib gəlib.