San-Marino Azərbaycan millisinin tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin sentyabrın 4-də keçiriləcək ilk qarşılaşmasındakı rəqib yığmamızın görüşəcəyi ən zəif komandadı.
Belə ki, millimiz indiyədək heç vaxt seçmə mərhələlərdə belə aşağı reytinqli komanda ilə görüşməyib. San-Marino isə bu cədvəldə 200-cüdü.
Hazırda dünyanın 136-cısı olan millimiz üçün indiyədək ən zəif rəqib Lixtenşteyn idi. Bu ölkə 1998-ci il oktyabrın 15-də FİFA reytinqinin 165-cisi kimi önümüzə çıxmışdı. 18 il əvvəlki səfər matçında millimiz 1:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, yığmamız ümumilikdə 2 dəfə daha aşağı reytinqli komanda ilə qarşılaşıb. 2012-ci ildə dünyanın 205-ci, 2016-cı ildə isə 202-ci olan Andorra yığmamızla görüşüb. Həmin matçların hər ikisi qolsuz başa çatıb.