[b]Azərbaycan millisindəki "lipa"lar: 3, yoxsa 13?[/b]
12.04.2017 - 14:44
[b]Azərbaycan millisindəki "lipa"lar: 3, yoxsa 13?[/b]

İslam Həmrəylik Oyunlarında çıxış edəcək Azərbaycan millisinin ilkin heyətində əsas yığmada oyun təcrübəsinə malik futbolçular da yer alıb. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin bu gün açıqladığı U-23-ün 37 nəfərlik geniş heyətindən 13 oyunçu müxtəlif vaxtlarda ölkənin 1 nömrəli komandasında forma geyinib.

 

Təbii ki, olimpiya yığmamızın ən təcrübəli simaları 1993-cü il dekabrın 31-dək anadan olanlardan ibarət “üçlük”də yer almağa namizədlərdi. Bu vakansiyalara isə Vahabzadənin 5 iddiaçısı var.

 

Onlardan ikisi – Elvin Məmmədovla Rauf Əliyev əsas yığmanın bombardirlərindi. Belə ki, cütlük hərəyə 7 qol vurub. Elvin bunu 37, Rauf isə daha çox – 45 görüşdə gerçəkləşdirib.

 

İslamiadaya qatılacaq milli baxımından ən təcrübəli futbolçu isə Ruslan Abışovdu. 4 qol vuran yarımmüdafiəçi 49 dəfə yığmanın formasını geyinib.

 

Digər iki “veteran” isə Rəşad Sadiqovla Ağabala Ramazanovdu. Sonuncu əsas millidə 11 matçda 1 qol vurub. Sadiqov isə 26 oyunda forma geyinib.

 

Yaşına görə U-23-ə uyğun gələn 32 futbolçudan isə 8-i əsas millidə debüt edə bilib. Onlardan ən təcrübəlisi Coşqun Diniyevdi. O, 3 belə matça çıxıb.

 

Digər 7 oyunçu isə hərəyə bir dəfə buna nail olub. Bunlar Mahir Mədətov, Tellur Mütəllimov, Vüqar Mustafayev, Adil Nağıyev, Budaq Nəsirov, Elnur Cəfərov və Taşkın İltərdi.

 

Qeyd edək ki, 37 nəfərlik heyətdən yalnız 18-i İslamiadada mübarizə aparacaq heyətə daxil ediləcək. 13 təcrübəlidən də hansıların “18-liy”ə düşəcəyi yekun heyət açıqlananda bəllə olacaq.