[b]Azərbaycan millisinin final mərhələsi şansı[/b]
08.04.2016 - 10:48
[b]Azərbaycan millisinin final mərhələsi şansı[/b]

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk məğlubiyyətini alsa da, final mərhələsinə yüksəlmək şanslarını qoruyur. Apasport.az saytının məlumatına görə, İrlandiyada keçirilən turnirdə meydan sahiblərinə 0:3 hesabı ilə uduzan Patrisiya Qonzalesin yetirmələri hazırda son pillədə qərarlaşıb.

 

Son turda Almaniya ilə görüşəcək yığmamızın Slovakiyada baş tutacaq həlledici raunda çıxmaq üçün nəzəri şansları isə hələ də itməyib. İlk iki turda qələbə qazanan Bundestim son matçın nəticəsindən asılı olmayaraq, 1-ci yeri və Slovakiyaya vəsiqəni təmin edib.

 

Lakin yarışların Əsasnaməsi 6 qrup qalibi və meydan sahibi ilə yanaşı, 2-ci yeri tutan komandalar arasında ən yaxşı nəticəyə malik yığmaya da bu imkanı verir. Polşa ilə qolsuz heç-heçə edib, İrlandiyaya uduzan millimiz isə bu vəzifənin öhdəsindən gələ bilər.

 

Belə ki, Almaniya üçün əhəmiyyət daşımayan oyunda favoriti məğlub etmək mümkündü. Amma komandanızın 2-ci olması üçün Polşanın da İrlandiya üzərində qələbəsi lazımdı. Üstəlik yığmamız son turda “panlar ölkəsi” təmsilçisi ilə müqayisədə daha böyük fərqlə qalib gəlməlidi. 

 

Qonzalesin yetirmələri polşalılardan 2 top artıq fərqə nail olsa və ya bu rəqəm 1-ə bərabər olsa, həmçinin daha çox qol vursaq 2-ci pillə millimizin olacaq. Yığmamız bunu bacarsa, final mərhələsinə vəsiqə böyük ölçüdə komandamızın olacaq.

 

Çünki bu hesablamalarla ilk “üçlük”də Almaniya, Azərbaycan və Polşa qərarlaşacaq. Bu komandalarla oyunlarda hesabında 4 xal olacaq yığmamız 2-ci yer sahiblərinin nadir hallarda nail olduğu göstəriciyə imza atacaq. Çətin ki, digər 5 qrupun ikinciləri arasında turnir cədvəlindəki qonşularından 4 xal olan tapılsın. Bir sözlə, Qonzalesin yetirmələri öz qrupunda məsələni xeyrinə həll edə bilsə, millimiz tarixində ilk dəfə final mərhələsinə yüksəlmək imkanı qazanacaq.

0