[b]Azərbaycan Premyer Liqasının debütantı UEFA-nın diqqət mərkəzində[/b]
06.01.2016 - 00:00
[b]Azərbaycan Premyer Liqasının debütantı UEFA-nın diqqət mərkəzində[/b]

Topaz Premyer Liqasının ilk yarısını üçüncü pillədə bitirən “Zirə” yaxşı mənada təəccübə səbəb olmuşdu. Apasport.az saytının məlumatına görə, deübtantın bu uğuru UEFA-nın da diqqətindən yayınmayıb.

 

Qitənin ali futbol qurumunun rəsmi saytı təmsilçimiz haqqında xüsusi məqalə hazırlayıb və oxucularını komandanın baş məşqçisi Adil Şükürovla kapitan Rəşad Abdullayevin fikirləri ilə tanış edib.

 

- Çempionatın ilk yarısı bitəndən sonra komandanızın ilk üçlükdə qərarlaşacağını gözləyirdinizmi?

Adil Şükürov: Düzünü deyim ki, yox. Bu, bizim üçün də gözlənilməz və xoş bir sürpriz oldu. Düşünürdük ki, qış fasiləsinə qədər təxminən 5-6-cı yerlərdə olarıq.

Rəşad Abdullayev: Üçüncü yer gərgin əməyin nəticəsidi. Bizim komanda yeni olduğu üçün çox çətin oldu. Komanda olaraq gec toplanmağımıza baxmayaraq, kollektivimizdə əsl ailə mehribanlığı hökm sürür. Çoxları bizə güvənmirdi. Bizim dost münasibətlərimiz, düzgün taktikamız, rəhbərliyin düşünülmüş işi bu uğurların əsas təməli oldu. İkinci dövrədə çalışacağıq ki, bütün bunların təsadüf olmadığını sübut edək.

 

- İlk dövrədə komanda çox stabil çıxış edirdi. İkinci dövrədə isə gözlənilmədən “Rəvan” və “Olimpik”ə (AZAL) minimal hesabla məğlub oldunuz. Səbəb nə idi?

A.Ş.: Bunun bir neçə səbəbi var. “Rəvan”la milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədən sonra oynadıq. Uşaqlar bir neçə həftə oynamadıqları üçün tempi itirmişdik. AZAL-la oyun isə ikinci dövrənin son matçı idi. Artıq legionerlərimizin biletləri əllərində idi. Çox təəssüf ki, biz o oyunda “çemodan əhval-ruhiyyəsi”ndən qurtula bilmədik.

R.A.: Belə alındı ki, favoritlərə qarşı biz tam gücümüzlə oynadıq, ancaq zəif hesab olunan rəqiblərlə görüşlər istədiyimiz kimi alınmadı. Bir az arxayınlaşmış da ola bilərik. Erkən qollar buraxdıq, sonra nə qədər hücum etsək də, cavab topunu vura bilmədik. Vəziyyət belədi ki, bizim çempionatda istənilən komanda sürpriz etməyə qadirdi. Digər yandan baxanda, bu itkilərin bizim üçün müsbət tərəfləri də var. Artıq təcrübəliyik və növbəti belə səhvin bizə baha başa gələcəyini bilirik.

 

- “Zirə” adətən “ikinci nömrə” kimi oynayır. Həmişə belə olacaq?

A.Ş.: Bizim komanda hələ yenicə qurulma mərhələsindədi. Düşünürəm ki, indi əsas məsələ uduzmamaq və komandaya özünəinamı öyrətməkdi. Oyunçulara nə qədər siz güclüsünüz desək də, buna inandırmaq çətin olur. Real qələbənin dadını hiss etdirmək lazımdı. Ona görə də ilk olaraq yenilməməyi öyrənməli, möhkəm kollektiv olmalıyıq. Gələcəkdə isə fərqli oynayacağımıza ümid edirəm. Ancaq istənilən halda ikinci yarıda komandalar bizə qarşı xüsusi köklənəcəklər və çoxlu hücum etmək lazım olacaq.

 

- Hazırda əsas məqsədiniz, tapşırığınız nədi?

A.Ş.: Bizim qarşımıza konkret məqsəd qoyulmayıb ki, çempion olmalıyıq və ya medalları qazanıb Avrokuboklarda çıxış etməliyik. Hər oyuna xüsusi yanaşırıq. Ancaq düşünürəm ki, Avrokuboklarda çıxış edə bilərik. Niyə də olmasın? Bizim oyunlarımız və nəticələrimiz buna ümid etməyə əsas verir. Əgər bu qədər yüksəyə qalxa bilmişiksə, gərək yerimizi əldən verməyək. Hər şey mövsümün sonunda bilinəcək. Başa düşürəm, azarkeşlər bizi Avrokuboklarda görürlər. Ancaq gəlin tələsməyək. Çox danışmaq bizim uğurlu debütmüzə ziyan vura bilər.

R.A.: Bacardığımız qədər yüksəyə qalxmalıyıq. Çox əziyyət çəkmişik və bunun hədər olmasını istəmirik. İkinci yarıda daha çox çalışmalıyıq və uğurumuzun təsadüf olmadığını sübut etməliyik. Çox çalışmalıyıq. Konkret hədəf qoyulmayıb, ancaq hər oyunda qalib gəlmək istəyirik. Avrokuboklara düşməyə çalışacağıq.

 

- Azərbaycan futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

A.Ş.: Ölkə idmanı, həmçinin futbol da ildən ilə inkişaf edir. Əgər əvvəllər biz seçmə mərhələləri uğur hesab edirdiksə, indi birdən-birə iki klubumuz - “Qarabağ” və “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinə düşməyi bacardı. Ağdamlılar ardıcıl ikinci dəfə qrupdan çıxmaq şansını son anda əldən verdi.

R.A.: Keçən mövsüm bizim birincilikdə eyni zamanda 5-6 komanda çempionluq uğrunda mübarizə aparırdı. İndi rəqabət o qədər güclü deyil, ancaq düşünürəm ki, bu, müvəqqəti haldı. Hazırda liqamız çox güclüdü. Bu, milli komandaya da təsir edir. Azərbaycanda futbol həmişə olub və olacaq. Bizim potensialımız var, sadəcə hərə öz işini görməlidi.