Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı FİFA-nın növbəti reytinq siyahısından asılı olacaq. Apasport.az saytının məlumatına görə, iyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək püşk zamanı Azərbaycan millisi son iki səbətdən birində yer alacaq.
Robert Prosineçkinin yetirmələrinin 5-ci, yoxsa 6-cı səbətdə olmasına AVRO-2016-nın seçmə mərhələsinin bu ay keçiriləcək qarşılaşmaları ciddi təsir edəcək. Komandamız iyunun 12-də Norveçlə səfər matçında qalib gəlsə, sonuncu səbətdə olmayacağı dəqiqləşəcək.
5-ci səbətdə yerini təmin etmək üçün millimizə heç-heçə də kifayət edə bilər. 1 xal qazanacağı halda, yığmamızın son səbətə yuvarlanması digər oyunlardakı sensasiyalı nəticələrdən asılıdı. Bu ehtimal 0,7 faizə bərabərdi. Osloda qeydə alınacaq məğlubiyyət də komandamızın şanslarına az təsir edəcək.
Belə olsa, millimizin 5-ci səbətdə yer almaq ehtimalı 91,5 faiz olacaq.
Qeyd edək ki, Azərbaycan yığması 5-ci səbətə düşmək ehtimalı ən yüksək olan komandadı.