Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız 2018-ci ildə 3-cü matçına çıxacaq.
Komandamız Makedoniya ilə üz-üzə gələcək. Görüş Türkiyənin Antalya şəhərində baş tutacaq. Yığmamız yanvarın 30-da Moldova ilə görüşdə olduğu kimi, yenə də qonşu ölkədə meydana çıxacaq.
Bu, komandamızın 26 illik tarixində 237-ci matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 236 qarşılaşmada meydana çıxıb.
Bu qarşılaşmayadək 44 qələbə qazanan yığma 45-ci uğurun həsrətindədi. San-Marino ilə ötən il sentyabrın 4-dəki oyunda 5:1 hesabı ilə qalib gələn millimiz sonrakı 5 matçda qələbə nə olduğunu bilmir.
Ötən il Çexiyaya 1:2, Almaniyaya 1:5, bu il Belarusa 0:1 hesabı ilə uduzan yığmamız Moldova ilə qolsuz sülh bağlayıb. Arxada qalan 26 ildə 63 dəfə heç-heçə edən komandamız 129 məğlubiyyət alıb. Millimiz bu matçlarda 170 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 401 qoluna üzülüb.
Komandamız yoldaşlıq oyunları, o cümlədən bu xarakter daşıyan mini turnirlərdə 119-cu sınağına çıxacaq. Bunadək yığmamız 118 belə görüş keçirib. Hesabında 31 qələbə və 40 heç-heçə olan yığma 47 dəfə uduzub. 105 qol vuran milli öz qapısından 150 qol buraxıb.
Makedoniya ilə görüş yığmamızın baş məşqçisi Qurban Qurbanovun bu postda 3-cü sınağı olacaq. O, komandanı bunadək Moldova ilə Antalyada (0:0), Belarusla Bakıda (0:1) keçirilən yoxlama matçına çıxarıb. Millimiz Qurbanovun rəhbərliyi altında həm qələbəyə, həm də qola həsrətdi.