“Azərbaycanda oynadığım vaxt klublarda xeyli legioner vardı. Limitə görə, meydanda bir neçə yerli futbolçu olmalıydı. Bu da Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun milliyə futbolçu seçimi üçün atılmış addım idi”. Apasport.az xəbər verir ki, bu sözləri “Bakı” klubun sabiq qapıçısı Marko Şarliya deyib.
Vətəni Xorvatiyada yerli mətbuata müsahibə verən qolkiper bu gün AVRO-2016-nın seçmə mərhələsinə keçiriləcək Xorvatiya – Azərbaycan matçı haqqında danışıb. O, öncə millimizin baş məşqçisi Berti Foqts barədə fikirlərini bildirib: “Foqts millidə müəyyən dəyişikliklər etdi. İndi onun futbolçu seçimi daha çoxdu. Çünki Azərbaycan çempionatında klubların heyətində yerli futbolçular daha çox oynayır. Azərbaycan millisi yüksək səviyyəli komanda deyil. Hücum qurmaq üçün kiçik şanslara arxalanan heyətə malikdi. Amma müdafiədə yaxşı oyun göstərirlər. Məsələn, Rauf Əliyevi yaxşı tanıyıram. Fiziki cəhətdən çox güclüdü. Mən “Bakı”da oynayanda, Rauf “Qarabağ”la Avropa Liqasında çıxış edirdi”.
Şarliya millimizin İtaliya yığmasına 1:2 hesabı ilə uduzmasına təəccüblənib: “Həqiqətən də, Azərbaycan yığmasının İtaliyaya 1:2 hesabı ilə uduzacağını gözləmirdim. Daha böyük hesablı qələbəyə şahidlik edəcəyimizi düşünürdüm. Amma belə olmadı. Deməli, Azərbaycan millisində irəliləyiş var. Sadəcə, Xorvatiya yığmasının gücünü də qeyd etmək lazımdı. Heyətlərə, komandaların güclərinə baxanda, Xorvatiya yığması qələbə qazanmalıdı”.