[b]Azərbaycanda Avropa çempionatı: Runi, Benzema, Fabreqasın parladığı turnir[/b]
06.04.2016 - 16:47
[b]Azərbaycanda Avropa çempionatı: Runi, Benzema, Fabreqasın parladığı turnir[/b]

İki gündən sonra 17 yaşadək futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, mayın 5-dən 21-dək baş tutacaq yarış sayca 15-ci olacaq.

 

2001-ci ilədək U-16-ların mübarizə apardığı yeniyetmələrin qitə çempionatı 15 il öncə U-17-lərin yarışına çevrilib. Həmin vaxtdan 14 final mərhələsi baş tutan turnirdə bir sıra ulduzlar parlayıb.

 

Düzdü, U-17-lərin Avropa çempionatı statusuna görə ən aşağı qitə birinciliyidi. Yəni, böyüklər, U-21-lər və U-19-lardan geri qalır. Lakin dünya futbolu üçün üzə çıxan ulduzların ad-sanına, sayına görə heç də geri qalmır.

 

Final mərhələsinin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl oyunçu” mükafatının qaliblərinə göz gəzdirək. 2002-ci ildə Ueyn Runi (İngiltərə), 2003-cü ildə Migel Velozo (Portuqaliya), 2004-cü ildə Sesk Fabreqas, 2007-ci ildə Boyan Krkiç (hər ikisi İspaniya), 2005-ci ildə Nuri Şahin (Türkiyə), 2006-cı ildə Toni Kroos, 2009-cu ildə Mario Götze (hər ikisi Almaniya), 2010-cu ildə Konnor Vikhem (İngiltərə) turnirin ən yaxşısı adına layiq görülüb. Son illərin ulduzlarının hələ bu səviyyədə parlaması bir neçə il də lazımdı.

 

Tanınmış xorvatiyalı Nikola Kaliniç də turnirin tarixinə düşüb. O, U-17-lərin çempionatında bir qarşılaşmada ən çox qol vuran futbolçudu. Nikola penta-trik müəllifi olan azsaylı rekordçulardan biridi.

 

Final mərhələsinin bombardiri kimi mükafat qazananlar sırasında ispaniyalı Conatan Soriano, Boyan Krkiç, Pako Alkaser, fransalı Hatem Ben Arfa, almaniyalı Toni Kroos gələcəyin ulduzları olub. 2004-cü ildə çempion adını qazanan Fransa isə ümumiyyətlə ulduz toplusu sayıla bilər. Ben Arfa ilə yanaşı, Kərim Benzema və Samir Nəsri də U-17-lərin qitə çempionatının final mərhələsində sözünü deyib.

 

0