Azərbaycanın daha bir futbol komandası dağılır. Apasport.az saytının əldə etdiyi məlumata görə, I divizion təmsilçisi “Rəvan” fəaliyyətini dayandırmağa hazırlaşır.
Sona 3 tur qalmış I divizionun ikinci pilləsində qərarlaşan “sarı-qırmızılılar”ın əsas komandası gələn mövsümdən heç bir liqada iştirak etməyəcək. Düzdü, “Rəvan” ilk iki pillədə qərarlaşmaqla, Premyer Liqaya vəsiqə qazana bilərdi. Lakin klub lisenziya almadığı üçün bu hüququndan məhrum olub. Klub rəhbərliyi özü Premyer Liqada iştirak üçün lisenziya almaqda maraqlı olmayıb.
Gələn mövsümdən “Rəvan” da “Əlincə”nin yolu ilə gedəcək. Belə ki, bundan sonra bütün diqqət yalnız aşağı yaş qrupu komandalarına yönələcək.
Bu qərardan sonra “Rəvan”ın U-19 komandasının gələn mövsüm Çempionlar Liqasında iştirakı da sual altına düşəcək. Doğrudu, U-19 fəaliyyətini davam etdirəcək. Ancaq əsas komandası olmayan bir klubun aşağı yaş qrupu komandasını UEFA-nın Avropa arenasına buraxıb-buraxmayacağı məlum deyil.
Əgər “Rəvan”ın U-19-u Çempionlar Liqasına buraxılmasa, onun yerinə mövsümü ikinci yerdə başa vuracaq komanda Avrokuboka yollanacaq. Sona 3 tur qalmış isə “Qəbələ” turnir cədvəlinin ikinci pilləsində yer alır.