Avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 15, Avropa Liqasının 29 qarşılaşması siyahıda ciddi dəyişikliyə səbəb olmayıb.
İspaniya “Real”ının (144,428) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 134,356 xalla 2-ci, “Barselona” (İspaniya) 129,428 xalla 3-cü pillədə qərarlaşıb.
Cədvəldə Azərbaycanı 7 klub təmsil edir. Onlar arasında ən yaxşı nəticə “Qarabağ”dadı. Ağdamlılar 14,125 xalla 116-cı yerdədi.
9,375 xala malik “Neftçi” ən yaxşı təmsilçimizdən 40 pillə geri qalır. “Qəbələ” isə 2-ci “yüzlüy”ə daxil olub. “Qırmızı-qaralar” 6,375 xalla 199-cu yerdə qərarlaşıb.
Hesabında 5,625 xal olan “İnter” 217-ci, 4,125 xala malik “Xəzər Lənkəran” 284-cüdü. Digər komandalarımız isə “300-lük”dən də kənardadı. “Kəpəz” (3,625) 309-cu, “Bakı” (3,375) 318-cidi.
Qeyd edək ki, təmsilçilərimizin rəqiblərindən “Viktoriya” (Çexiya) 36,175 xalla 48-ci, “Lill” (Fransa) 19,749 xalla 86-cıdı. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.