Avrokuboklarda finalçıların müəyyənləşməsi Fransanın Çempionlar Liqasının yeni mövsümündə qrupda daha bir yer qazanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, həlledici görüşlərdə üz-üzə gələcək komandaların təkcə qitə miqyaslı turnir deyil, həm də daxili arenadakı çıxışı buna imkan verib.
Çünki Çempionlar Liqası və Avropa Liqasında qalib olacaq komandanın öz ölkəsində neçənci yeri tutması təkcə özü üçün maraqlı deyil. Məsələ ondadı ki, bu komandalar başqalarına qrup mərhələsinə yol aça bilər.
Özü də qitənin ən nüfuzlu klub turnirinin qrupuna. Hələlik bu yarışda iştirak edəcək klubların dəqiq sayı bilinmir. Bu rəqəm 79, 80 və ya 81 olacaq.
UEFA-ya üzv olan 55 ölkədən 54-nə 79 vəsiqə verilib. Lakin Çempionlar Liqası və Avropa Liqasının qalibləri də bu siyahıya əlavə oluna bilər. Amma həmin komandalar öz ölkəsindən turnirə vəsiqə qazanan 79 iştirakçı arasındadısa, heç kimə əlavə yer verilmir.
Mübarizəyə qoşulacaq komandaların sayının 81 deyil, 80, hətta 79 olması isə qrupdan kənar qalan digər ölkələrə sərf edir. Çünki belə vəziyyət başqalarına yol açır.
Çempionlar Liqasının finalçıları “Liverpul”la “Real” hazırda öz ölkələrində 3-cü yerdədi. Sonuncular turnirə vəsiqə verən ilk “dördlük”də yerini təmin edibsə, ingiltərəlilərin belə imkanı qaçırmaq ehtimalı az qala sıfıra bərabərdi.
Bu isə o deməkdi ki, Çempionlar Liqasının qalibi öz ölkəsinin 5-ci komandası kimi yarışa qatılmayacaq. Bir sözlə, iştirakçı sayı da 81 olmayacaq. Vəziyyətin belə olması qrupda bir yeri boşaldır. Həmin yer də UEFA reytinqinin 12-cisi Çexiyaya verilir. Təbii ki, “Liverpul” ölkəsində “dördlüy”ü tərk edib, Avropanın ən yaxşısı olmasa. Çexiya çempionunun pley-off deyil, qrupdan yarışa başlaması aşağı reytinqli digər ölkələrə də cüzi təsir göstərəcək. Bu, Azərbaycan çempionu “Qarabağ”a hansısa mərhələdən azad olmaq deyil, ən yaxşı halda səpələnmək baxımından təsir edə bilər.
Avropa Liqasının finalçılarından biri “Atletiko” da artıq Çempionlar Liqasındadı. İspaniyada “dördlük”də yeri təmin olunan madridlilərdən fərqli, onların finaldakı rəqibi “Marsel” hazırda 4-cü sıradadı. Fransa isə qrupda cəmi 2 yerə malikdi.
Bu turnirin qalib “Atletiko” olsa, və ya “Marsel” Fransada 2-ci yerə qədər irəliləyib, Avropa Liqasını qazansa, qrupdakı boş yerin kimə veriləcəyi məlumdu. Həmin yer UEFA reytinqinin 5-cisi olan Fransaya veriləcək. Bu ölkənin 3-cü komandası da Çempionlar Liqasının qrupuna düşəcək.
Elə alına bilər ki, “Atletiko” avrokuboku qazanmaqla, elə “Marsel”in özünü qrupa daşısın. Bunun üçün sonuncular 3-cü yer tutmalıdı.
Əslində, Fransanın Çempionlar Liqasının qrupunda 3 komanda ilə oynayacağını artıq əminliklə söyləmək olar. Çünki “Marsel” Avropa Liqasının qalibi olsa, ya özü Fransa 2-cisi kimi qrupa düşüb, 3-cü yerə yol açacaq, ya da ilk iki pillənin sahibinə qoşulacaq. “Atletiko”nun qələbəsində isə Fransaya 3 yer veriləcək.
Fransanın 3-cü komandasının təsnifatsız qrupa düşməsi də müəyyən dəyişikliklərə səbəb olacaq. Lakin bunlar liqa yolu üzrə çıxış edən komandalara təsir edəcək və Azərbaycan üçün əhəmiyyət kəsb etməyəcək.