“7 il idi ki, milli komandaya çağırılmırdım. Bu dəfə isə məşqə gələndə yığmanın bazasının yerini tapa bilmirdim, azmışdım”. Apasport.az xəbər verir ki, bu sözləri İtaliya milli komandasının hücumçusu Qrasiano Pelle deyib.
AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan appeninlilərin hücumçusu Azərbaycan və Malta ilə oyunlardan da danışıb: “Yenidən bu komandada oynamaq xüsusi bir hissdir. Bunu çoxdan gözləyirdim. İndi bura öyrəşməyə, məşqçinin dediklərini anlamağa çalışıram. Əgər oynamaq imkanım olsa, Azərbaycan və Malta ilə matçlarda mənə göstərilən etimadın qarşılığını vermək istəyərəm. Bu matçlar bizim üçün vacibdir. Çalışacağam ki, baş məşqçimiz məni meydana buraxsın. Mən pozitiv insanam və qarşıdakı hər iki matç haqqında da yaxşı düşünürəm. 7 il milli komandaya çağırılmamağımın səbəbi fiziki və psixoloji problemlərimlə bağlı idi. Amma indi özümü əla hiss edirəm”.
Qeyd edək ki, İtaliya – Azərbaycan matçı oktyabrın 10-da Palermo şəhərində “Rentso Barbera” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 23:45-də başlayacaq.