DÇ-2018-in seçmə mərhələsinin sentyabrın 4-də baş tutacaq San-Marino – Azərbaycan görüşü yığmamızın kapitanı Rəşad Sadıqovun milli formada 104-cü oyunu olacaq. Apasport.az saytının məlumatına görə, öz ölkəsinin millisində 100 və daha çox oyun keçirənlər siyahısında yeganə təmsilçimiz olan 34 yaşlı müdafiəçi cədvəldəki mövqeyini daha da yaxşılaşdıracaq.
Yığmamızın kapitanı dünya sıralamasında 272-283-cü yerlərə yüksələcək. Hazırda onu qabaqlayıb, 104 matç keçirən 11 futbolçu arasında məşhur simalar da yer alıb.
Sadıqovun çatmağa yaxın olduğu adlar arasında fil dişi sahilli Didye Droqba, almaniyalı Per Mertezaker, estoniyalı Mixail Zemlinski, xorvatiyalı Yosip Şimuniç, çexiyalı Tomaş Rositski, hollandiyalı Dirk Kuyt da var. Müdafiəçimiz San-Marinoda meydana çıxsa, bu futbolçulara şərik çıxacaq.