Ölkəmizdə işgüzar səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo Avroliqanın “Qarabağ” – “Dnepr” oyunundan sonra Ağdam klubunun paltardəyişmə otağına baş çəkib. Apasport.az saytının məlumatına görə, nazir azərbaycanlı həmkarı Azad Rəhimovla birgə “Qarabağ”ın ulduz oyunçusu Reynaldo, eləcə də digər braziliyalı futbolçu Riçard Almeyda ilə görüşüb.
Yeri gəlmişkən, Braziliya mətbuatı Rebelonun AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla görüşünün təfsilatını açıqlayıb. Abdullayev qonağa 1970-ci ildə Braziliya ilə dünya çempionu olmuş Karlos Alberto Torresin millimizi çalışdırmasını və burda çox sayda sambaçı futbolçuların oynamasını xatırladıb. Tərəflər arasında görüşdə azərbaycanlı futbolçuların Braziliya klublarına mübadilə məsələsi də müzakirə olunub. Rebelo təsdiqləyib ki, nəinki futbolçuların, eləcə də məşqçi, hakim və digər futbol mütəxəssislərinin hazırlanmasında tərəflər qarşılıqlı şəkildə plan tərtib etməlidilər.
Qeyd edək ki, artıq Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə qarşı tərəf arasında ikitərəfli əməkdaşlıq haqqında Fəaliyyət Planı imzalanıb.