[b]Azərbaycanlı futbolçunun dizində çat aşkarlandı[/b]
12.04.2018 - 10:43
[b]Azərbaycanlı futbolçunun dizində çat aşkarlandı[/b]

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Şimal Şərq Regional Liqasında mövsümün qalan matçlarını buraxacaq. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bunu “Dinamo”nun futbolçusu özü açıqlamasında deyib.

 

XXVII turda “Halberstadt”la (4:2) qarşılaşmada zədələnən 26 yaşlı forvard sol dizinin daxilində çat aşkarlandığını söyləyib. Həkimlər onun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Berlin klubunun liqada son matçını mayın 12-də keçirəcəyini nəzərə alsaq, Dadaşovun çempionatı başa vurduğunu söyləmək olar.

 

Ancaq o, mayın 21-də keçiriləcək Berlin kubokunun finalında son dəfə “Dinamo”nun formasını geyinmək arzusundadı: “Ümid edirəm ki, final görüşünə qədər sağalaram. Həmin matça yetişmək üçün əlimdən gələni edəcəm. Çünki “Dinamo”nu titulla tərk etmək niyyətindəyəm”.

 

“Dinamo” Berlin kubokunun yarımfinalında aprelin 18-də “Tennis Borussiya” ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Rüfət Dadaşov mövsüm başa çatdıqdan sonra III Bundesliqa klubu “Proyssen”ə qoşulacaq.