Bakı-2015 mayın 17-də oyunların bir gününü canlandırmaqla, Avropa Oyunları zamanı əməliyyatlara hazırlığı sınaqdan keçirəcək. Avropa Oyunlarının Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri 6 saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq. Buna səbəb iyunun 12-də start götürəcək Avropa Oyunları üçün Bakı-2015-in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdı.
Bakı-2015 Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:
- Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;
- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri;
- Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları.