Azərbaycan millisinin mayın 29-da Qırğızıstanla keçirəcəyi yoldaşlıq görüşünün hakimi Ali Palabıyık kifayət qədər tanış simadı. Apasport.az saytının məlumatına görə, o, bu il artıq bir dəfə millimizin oyununda iştirak edib.
Belə ki, yığmamızın martın 27-də Antalyada keçirilən Makedoniya ilə yoxlama oyununda (1:1) dördüncü hakim funksiyasını yerinə yetirib.
2015-ci ildə FİFA dərəcəsi alan Palabıyık Azərbaycan komandalarının görüşlərində baş hakim kimi də meydana çıxıb. Onun beynəlxalq arenadakı debütü də ölkəmizdə reallaşıb. Türkiyəli referi 2014/15 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” – “Mladost” qarşılaşmasında fit çalıb. Palabıyık 2:2 hesabı ilə başa çatan görüşdə 4 sarı vərəqə göstərib ki, onlardan biri “Neftçi”nin müdafiəçisi Kamal Qurbanovun payına düşüb.
FİFA referisi 2016-cı ilin yazında Azərbaycanla Qazaxıstan arasında Antalyada keçirilən yoldaşlıq görüşündə də baş hakim olub. Qazaxların 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada referi rəqib komandaya 1 sarı vərəqə göstərməklə kifayətlənib.
Palabıyıkın təmsilçilərimizlə baş hakim kimi son görüşü 2016/17 mövsümündə Avropa Liqasının qrupuna təsadüf edib. Türkiyəli “Qəbələ”nin Fransada “Sent-Etyenn”ə məğlubiyyətini qeydə alıb – 0:1. 3 sarı vərəqə göstərən Palabıyık təmsilçimizin heyətində Vitali Vernidubu cəzalandırıb.
Qeyd edək ki, 2002-ci ildə hakimliyə başlayan referi 2012-ci ildən Superliqa matçlarına təyinat alır.