“Ötürmə gəldi, mən topu yaxşı qəbul etdim və çevrildim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dnepr”in hücumçusu Nikola Kaliniç deyib.
Avropa Liqasında qrup mərhələsinin IV turunda “Qarabağ” Bakıda “Dnepr”lə qarşılaşıb. Təmsilçimiz Ukrayna klubuna 1:2 hesabı ilə uduzub. Qonaqların heyətində hər iki qolu xorvatiyalı forvard Kaliniç vurub.
26 yaşlı futbolçu Bakıda dubl etməsi haqda yerli mətbuata açıqlama verib: “Dərhal zərbə vurmaq istəsəm də, bu baş vermədi. Qapıçı yəqin ki, daha güclü zərbə gözləyirdi. Lakin zərbə bir az fərqli oldu. Bəli, baş məşqçimiz Miron Markeviç əvvəldən deyib ki, bizim üçün əsas ölkə çempionatıdır. Lakin Avropa Liqasında da qrupdan çıxmaq uğrunda mübarizə aparırıq. Əlbəttə, “Dinamo”ya məğlubiyyətdən sonra bu qələbə əla oldu”.
Qeyd edək ki, Nikola Kaliniç sözügedən qarşılaşmanın 15 və 73-cü dəqiqələrində “Qarabağ”ın qapıçısı İbrahim Şehiçi cəzalandırıb.