“Nitsa”nın hücumçusu Mario Balotelli karyerasını yenidən İtaliyada davam etdirə bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, “Napoli” 27 yaşlı forvardla yaxından maraqlanır.
Fransa klubunda 49 oyunda 33 qola imza atan Balotellinin Neapol təmsilçisinin təklifinə müsbət yanaşdığı bildirilir. Bu keçidin yanvarda baş tutmaq ehtimalı az deyil.
Balotellinin “Nitsa” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Liqa-1 təmsilçisi ilə hələ yeni sözləşmə imzalamaması “Supermario”nun yayda azad agent kimi istədiyi kluba keçə biləcəyini göstərir. Məhz bu səbəbdən fransızlara Balotellini indi satmaq sərf edər.
Qeyd edək ki, Balotelli əvvəllər “İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” klublarında da oynayıb.