“Baş məşqçi postundan ayrılmağımı klub rəhbərliyi məsləhət gördü. Yəni, mən istefa verməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Zirə” klubunun sabiq çalışdırıcısı Bəhram Şahquliyev deyib.
Bu günlərdə I divizion təmsilçisinin baş məşqçisi postunda dəyişiklik edilib. Bəhram Şahquliyevin istefaya göndərilməsindən sonra onun yerini Adil Şükürov tutub. Ancaq klub rəhbərliyi Şahquliyevlə yolları birdəfəlik ayırmayıb.
Belə ki, məşqçi bundan sonra komandanın məsləhətçisi kimi fəaliyyət göstərəcək.
Şahquliyev əməkdaşımızla söhbətində baş məşqçi vəzifəsindən uzaqlaşdırılmasını strategiya dəyişikliyi ilə əlaqələndirib. Buna baxmayaraq, o, dəyişikliyin komandanın iddiasına mənfi təsir göstərməyəcəyini bildirib: “Bundan sonra komandanın məsləhətçisi olacam. Rəhbərlik belə lazım bildi, mən də razılaşdım. Baş məşqçi vəzifəsindən kənarlaşdırılmağımın strategiya dəyişikliyi ilə bağlı olduğunu dedilər. Ancaq komandanın iddiası azalmayacaq. Yenə məqsəd Premyer Liqaya vəsiqə qazanmaqdı”.
Məşqçilik karyerası ərzində daha çox I Divizionda çalışan Şahquliyev “Zirə”də maliyyə cəhətdən də problemin olmadığını dilə gətirib: “Bu klubun heç bir problemi yoxdu. Maaşlar da, “premiya”lar da vaxtında verilir. “Zirə”də xoşuma gələn odu ki, heç kim başqasının işinə qarışmır”.