Topaz Premyer Liqasının sonuna 5 tur qalsa da, çempionluq mübarizəsi ilə müqayisədə bombardirlər yarışında daha çox qeyri-müəyyənlik hökm sürür. Apasport.az saytının məlumatına görə, hücumçuların çox aşağı məhsuldarlıq nümayiş etdirdiyi çempionatın bombardirini son turlar, bəlkə də son oyunlar müəyyənləşdirəcək.
Mövsümün böyük hissəsini hamıdan öndə olan Nurlan Novruzov 13 qolla yenə 1-ci pillədə qərarlaşsa da, onun üstünlüyü sürüşkən görünür. Çünki finişdə göstəriləcək məhsuldarlıq bir çox futbolçunu zirvəyə daşıya bilər.
“Bakı”ilə Premyer Liqanı tərk etməyə yaxın olan Nurlanın ən yaxın izləyicisi Draqan Çeran 12 dəfə fərqlənib. Lakin son turlar hədəfə düşə bilməyən serbiyalının da önə keçməsi mümkündü.
Bombardirlər arasında yer alan Cavid Hüseynov yarımmüdafiəçi olsa da, hücumçulara nümunəyə çevrilib. Hesabında 10 qol olan futbolçunu Nurlan üçün real təhlükə sayılmasa da, son vaxtlar daha çox fərqlənən orta sahə oyunçusunun qol hesabını artırması gözləniləndi.
Son iki mövsümün bombardirləri Nikolas Kanales və Reynaldo da “Top-6”da qərarlaşıb. Bir het-triklə liderlərə yaxınlaşmaq imkanına malik cənubi amerikalıların yenidən zirvə iddiasında olduğu şübhə doğurmur. Reynaldo son turlar qol vurmasa da, Kanales hazırda yaxşı formadadı. “Sumqayıt”ın üzvü Məhəmməd Qurbanov da braziliyalı kimi 9 dəfə fərqlənib, liderdən 4 top geri qalır.
Çempionatın təqviminə baxıb, bombardirlik şanslarına nəzər salmaq olar. İddiaçıların son turlarda hansı rəqiblərlə qarşılaşması həlledici xarakter daşıya bilər. Burada Nurlan əlavə üstünlük qazanır.
Belə ki, onun komandası 5 oyuna çıxacaq. Bunlardan ikisi mükafatlara iddialı komandalar olsa da, daha çox matç Novruzovun lehinədi. Onun kimi 5 matçı qalan Qurbanov da bu say üstünlüyündən yararlana bilər. Amma “Bakı”nın futbolçusundan çox geridə olan “Sumqayıt” təmsilçisinin zirvəyədək irəliləməsi inandırıcı görünmür.
Çeran 4 oyundan yalnız birində iddialı – “İnter”lə görüşə çıxacaq. Digər 3 matç isə onun qol hesabını artırması üçün münasib sayıla bilər. Hüseynovun işi nisbətən çətindi. O, ilk 2 pillədə qərarlaşan rəqiblərin qapısına da yol tapmalıdı. Digər iki rəqib isə o qədər çətin sayılmaya bilər.
Elə Reynaldo da mükafatlara iddialı 2 komanda ilə matçlarda qol vurmağa cəhd edəcək. Digər iki qarşılaşmada isə onun işi nisbətən asan olacaq. Kanales üçün rəqiblər daha münasib görünür. Yalnız “İnter” çərin rəqib sayılsa da, çilili ölkə kubokunda bu komandaya 3 qol vurmuşdu. Digər 3 komanda isə cənubi amerikalı üçün keçilməz sayılmır.
Nurlan Novruzov (“Bakı”) – 13
Qarşıdakı turlardakı rəqiblər: “Xəzər Lənkəran”, AZAL, “Simurq”, “Neftçi”, “Qəbələ”
Draqan Çeran (“Simurq”) – 12
Qarşıdakı turlardakı rəqiblər: “İnter”, “Bakı”, AZAL, “Xəzər Lənkəran”
Cavid Hüseynov (“Qəbələ”) – 10
Qarşıdakı turlardakı rəqiblər: “Qarabağ”, “Sumqayıt”, “İnter”, “Bakı”
Nikolas Kanales (“Neftçi”) – 10
Qarşıdakı turlardakı rəqiblər: “Sumqayıt”, “Inter”, “Bakı”, AZAL
Reynaldo (“Qarabağ”) – 9
Qarşıdakı turlardakı rəqiblər: “Qəbələ”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Inter”
Məhəmməd Qurbanov (“Sumqayıt”) – 9
Qarşıdakı turlardakı rəqiblər: “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Xəzər Lənkəran”, “İnter”
Qeyd edək ki, 9-dan az qol vurub “Top-6”də olmayanlar da bombardrilik yarışına müdaxilə etməsi istisna deyil. Amma bunun üçün onların 5 turda 5 və daha çox qol vurması lazımdı.