“Məğlub olmağımıza baxmayaraq, oyundan və futbolçulardan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd deyib.
Slovakiyada təşkil edilən beynəlxalq turnirdə son oyununu bu gün ABŞ-a qarşı keçirən millimiz 0:3 hesabı ilə məğlub olub.
Qarşılaşmadan sonra turnirlə bağlı affa.az-a danışan Məmmədin məğlubiyyət şərhi belə olub: “Yaratdığmız qol imkanlarından istifadə edə bilmədiyimiz üçün məğlub olduq. Fiziki cəhətdən güclü olan rəqib, taktiki baxımdan da yaxşı oynadı. Onları 3-cü yer tutmaları münasibətilə təbrik edirəm. Ümumilikdə turnir haqda onu deyə bilərəm ki, çox yüksək səviyyədə təşkil olunub. Güclü komandalara qarşı oynamaq bizə böyük təcrübə qazandırdı. Rəqiblərin heyətində “Mançester Yunayted”, “Liverpul”, “Şalke”, “Sampdoriya”, Kiyev “Dinamo”su və “Lester” kimi klubların üzvləri çıxış edirdi”.
ABŞ-la görüşdə komandamızın iki oyunçusunun qırmızı vərəqə almasına münasibət bildirən baş məşqçi bunu yorğunluqla əlaqələndirib: “Düşünürəm ki, yeganə mənfi tərəfi qrafikin sıx olmasıdı. Beş gün ərzində 4 oyuna çıxdıq. Bunun da nəticəsində artıq son oyunda futbolçular yorğun idilər və qırmızı vərəqələr də müəyyən mənada bundan qaynaqlandı”.
Vüqar Məmməd sonda komandasından razı qaldığını vurğulayıb: “Futbolçuların hər birindən razı qaldım, onlar millinin formasını geyinməyə layiqdilər. Təkrar edirəm, belə güclü rəqiblərlə tez-tez oynayıb təcrübə və ustalığımızı artırmalıyıq. Nə taktiki, nə də əzmkarlıq baxımından rəqiblərimizdən geri qaldıq. Amma daim inkişaf etmək üçün çalışmalıyıq. Klublardakı həmkarlarıma da futbolçularmızın hazırlığı üçün təşəkkür edirəm. Döndükdən sonra da onlarla sıx əlaqədə olacağam. Birlikdə planlı şəkildə işləməliyik. Hər bir futbolçuya fərdi yanaşmalı, sürətlə irəli getməliyik. Biz bu gün Avropada bunu gördük”.
Qeyd edək ki, turnirdə hər 3 görüşdə məğlub olan millimiz 4-cü yeri tutub.