[b]Böyükağa Hacıyev: Özümü asardım - MÜSAHİBƏ[/b]
04.04.2016 - 11:10
[b]Böyükağa Hacıyev: Özümü asardım - MÜSAHİBƏ[/b]

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatında mövsümün sonuna 8 tur qalmış lider “Qarabağ” ən yaxın izləyicisini 10 xal qabaqlayır. Razısız ki, Ağdam klubunun ilk pilləni əldən verəcəyi inandırıcı görünmür?

- Əlbəttə razıyam. Mənə göstərin görüm, hansı komanda “Qarabağ”la çempionluq mübarizəsi aparacaq gücdədi? Mən “Qarabağ”ı büdrədəcək komanda görmürəm.

 

- Əvvəllər çempionluq mübarizəsi daha gərgin keçirdi. “Qarabağ”ın aşkar dominantlığının yaranması nə ilə bağlıdı?

- Azərbaycanda futbol çöküb. Bu da onun canlı sübutudu.

 

- Hazırkı gedişat onu göstərir ki, “Qarabağ” növbəti illərdə də çempionluğa bir nömrəli namizəd olacaq. Elə deyilmi?

- Gələn ili deyə bilmərəm. Bəlkə elə bir komanda ortaya çıxacaq ki, iddiası “Qarabağ”dan heç də az olmayacaq. Amma fakt budu ki, bu il “Qarabağ”dan başqa çempionluğa namizəd görmürəm.

 

- İkinci pillədə qərarlaşan “Zirə”nin “Qarabağ”ın hegemonluğuna son qoymağa gücü çatmazmı?

- “Zirə” hələ bu işdə təzədi. O komandanı çempionluq yarışına qatmayın. Premyer Liqada ilk mövsümündəcə birinciliyə iddia edə bilər. Amma iddia etmək başqadı, çempion olmaq başqa. “Zirə” yüksək dəstədə ilk mövsümünü çox yaxşı keçirir. Lakin çempion ola bilməz. Ən yaxşı halda, ikinci yeri tuta bilərlər. Çempion olmaq üçün hər şeydən əvvəl futbol təcrübəsi lazımdı. Bu gün “Zirə” ona hazır deyil.

 

- Avroliqanın qrup mərhələsində oynamış “Qəbələ”nin çempionatdakı çıxışı barədə fikirləriniz necədi?

- “Qəbələ” dünən “İnter”ə də qalib gələ bilmədi. Görün, “Qəbələ” nə qədər havayı xallar itirir.

 

- Baş məşqçi Roman Qriqorçukun “vaxtı” çatıbmı?

- Çoxdan.

 

- “Qəbələ”də Qriqorçuku əvəzləmək təklifi alsanız, razılaşarsızmı?

- Bunun üçün Qriqorçuk getməli və mənə təklif gəlməlidi. Elə bir şey olsa, sözümü deyərəm.

 

- Böyükağa Hacıyev “Qəbələ”nin hazırkı heyəti ilə hansı uğura imza ata bilər?

- “Qəbələ”nin heyəti zəifdi. Bu futbolçuları Qriqorçuk yığıb. Komandada seleksiya işi düzgün aparılmayıb.

 

- Sabiq komandanız “Neftçi” XXVIII turda autsayder “Rəvan”a uduzdu. Yeri gəlmişkən, üçüncü dövrədə də bu komandaya qalib gələ bilməmişdilər...

- Görünən kəndə bələdçi lazım deyil. Bu haqda danışmaq istəmirəm. “Neftçi”nin turnir cədvəlində tutduğu yer və sərgilədiyi oyun vəziyyəti açıq şəkildə izah edir. Sabiq “Neftçi”li kimi komandanın bu çıxışı mənə həddindən artıq pis təsir edir. “Neftçi”nin axırı hara gedir? Buna Çingiz Abdullayev və Elnur Məmmədov düzgün cavab verə bilərlər.

 

- “Neftçi” çempionluq şansını sona 8 tur qalmış rəsmən itirib. Sizin vaxtınızda belə bir hal qeydə alınsaydı, necə olardı?

- Özümü asardım.

 

- XXVIII turun sürpriz nəticələrindən biri də AZAL – “Kəpəz” matçında qeydə alındı. Gəncə təmsilçisi cari mövsümü yaxşı keçirsə də, “təyyarəçilər”ə böyük hesabla məğlub oldu...

- Futbolda arada belə sürpriz nəticələr olur, təbii haldı. “Kəpəz” Premyer Liqaya yeni qayıtsa da, komandaya təcrübəli məşqçi rəhbərlik edir. Mövsümün axırını gözləyək, görək, necə olacaq? Onda komandalarla bağlı daha ətraflı danışmaq olar.

 

Tengiz MƏMMƏDOV

 

 

0