Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “İnter”lə səfərdə qarşılaşan “Qəbələ” rəqibini məğlub edərək 4-cü pillədəki mövqeyini qorudu. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın hər iki qolunun ötürməsini verən yarımmüdafiəçi Cavid Hüseynov oyunla bağlı müsahibə verib.
- “İnter”lə oyundakı mübarizənizdən razı qaldınız?
- “İnter”in gücü hamıya bəllidi. Çox güclü və iddialıdı. Amma bu oyunda biz daha yaxşı mübarizə apardıq. Qarşılaşma heç-heçə nəticələnsəydi, nəinki bizim, hətta bütün futbol ictimaiyyəti üçün təəccüblü nəticə olardı. Çünki qələbəyə layiq idik.
- Son dəqiqələrə 1:1 hesabı ilə girəndə qələbənin əldən getdiyini düşünmürdünüz?
- İlk dəqiqədən etibarən elə futbol oynadıq ki, getdikcə özümüzə inam artırdı. Son dəqiqələrdə də qələbə qolunu vuracağımıza inanırdıq. Çünki qələbəyə tam layiq idik. Sona qədər mübarizəmiz də öz bəhrəsini verdi.
- Demək olarmı ki, “Qəbələ” mövsüm ərzində ən yaxşı oyununu göstərdi?
- Tam razıyam. Əla çıxış etdik. Yaxşı köklənməyin nəticəsini gördük.
- “İnter”in baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında sizin oyununuzu xüsusi vurğuladı. Sizin üçün bu, xüsusi oyun idi?
- Xüsusiliyi ondadı ki, “İnter” mənim ən çox sevdiyim komandadı. Orda oynamışam, məşqçilərini çox gözəl tanıyıram. Göstərdikləri oyuna da böyük simpatiyam var. Başqa bir xüsusiliyi yoxdu. Digər oyunlara necə, bu görüşə də elə hazırlaşmışdım. Yəqin ki, bu dəfə daha yaxşı alındı.
- “Qəbələ” son vaxtlar iki hücumçu ilə çıxış edir. Bu taktikada özünüzü necə hiss edirsiz?
- Bilirsiniz ki, “İnter” 5 müdafiəçi ilə çıxış edir. Hücuma çıxanda cinahları da gedir. Biz də fikirləşdik ki, rəqibi irəlidə sıxsaq, daha uğurlu nəticə əldə edərik. Bu taktika öz xeyrini verdi. Onlara geridən oyunu qurmaq imkanı vermədik.
- Sizin üçün hansı taktikada çıxış etmək daha rahatdı?
- Mənim üçün fərqi yoxdu. Baş məşqçi hansı taktikanı seçirsə, ona uyğun da mübarizə aparmalıyıq. Hər halda, məşqçilər korpusu taktiki gedişləri daha yaxşı bilər. Digər tərəfdən, hər komandaya qarşı da eyni taktikada oynamaq olmaz. “İnter”lə matçda iki hücumçu ilə oynamağımız o demək deyil ki, həmişə belə çıxış edəcəyik.
- “Simurq” və AZAL da bu turda qələbə qazandı. 4-cü yer uğrunda mübarizədə onları qabaqlaya biləcəksinizmi?
- Qırğın mübarizə gedir. Bu da çox yaxşı haldı. Çempionatda gərginliyi artırır, intriqanı gücləndirir. Mövsümün sonuna hələ 10 tur qalır. Qarşıda çətin oyunlar olacaq. Kim bilir, bəlkə biz bundan da yuxarı pilləyə yüksəldik. 3-cü yer uğrunda da mübarizə apara bilərik. Hər şey özümüzdən asılıdı.