[b]Çempionlar Liqasında 1/4 final həyəcanı [/b]
13.04.2015 - 15:37
[b]Çempionlar Liqasında 1/4 final həyəcanı  [/b]

Sabah Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutacaq 4 qarşılaşmadan ikisi aprelin 14-də, ikisi isə ertəsi gün keçiriləcək.  

 

İlk oyun günü Madrid derbisi ilə əlamətdar olacaq. Ötən mövsümün finalında “Atletiko”nu 4:1 hesabı ilə məğlub edən “Real” titulunu qorumaq üçün həmşəhərlilərini mübarizədən kənarlaşdırmalıdı. “Atletiko” həmin finalın qisasını almaq əzmindədisə, “Kral klubu” İspaniya çempionatında aldığı 0:4 hesablı məğlubiyyətin revanşının arzusundadı. Ümumiyyətlə, cari mövsümdə 2 çempionat, 2 kubok və 2 Superkubok oyunundan heç birində “Reaı” qalib gəlməyib. 1958/59 mövsümündə də avrokuboklarda üz-üzə gələn madridlilərin həmin duelində (2:1, 0:1, 2:1) də sevinən tərəf olan “Real” 3-cü dəfə həmyerlilərini yarışdan kənarlaşdırmaq istəyindədi.

 

Günün digər matçında “Yuventus” “Monako”nu sınağa çəkəcək. Bu komandalar 17 il əvvəl də Çempionlar Liqasında üz-üzə gəlib. Həmin vaxt iki qarşılaşmanın nəticəsinə görə (4:1, 2:3) İtaliya təmsilçisi qalib gəlmişdi. “Knyazlıq klubu” həmin yenilginin əvəzini çıxmaq iddiasında olsa da, “Yuventus” neçə müddətdi həsrətində olduğu qitə miqyaslı titula köklənib.

 

İkinci oyun günündə üz-üzə gələcək “Porto” və “Bavariya”nın yolları 4-cü dəfə kəsişib. Finaldakı yeganə dueldə Portuqaliya təmsilçisi sevinibsə, 1/4 final mərhələsini keçən Bundesliqa klubu olub. Almaniyalılar həm 1990/91 mövsümündə (1:1, 2:0), həm də 1999/2000 mövsümündə (1:1, 2:1) cavab oyunundakı qələbə ilə yarımfinala yüksəlib. 1986/87 mövsümünün finalındakı 2:1 hesablı qələbə isə “Porto”ya tarixinin ilk Çempionlar kubokunu qazandırıb.

 

Parisdə üz-üzə gələcək PSJ ilə “Barselona” da tanış rəqiblərdi. Cari mövsümdə də üz-üzə gələn komandaların qrup mərhələsindəki oyunlarında ispaniyalılar 3:1, fransalılar 3:2 hesabı ilə qalib gəlib. Bir il əvvəl 1/4 finala təsadüf edən duelin taleyini isə “Barselona”nın səfərdə daha çox qol vurması həll etmişdi – 2:2, 1:1. Bunlardan başqa, hər komanda bir dəfə rəqibindən üstün olub. 1994/95 mövsümündə PSJ Çempionlar Liqasının 1/4 finalında (1:1, 2:1), 1996/97 mövsümündə “Barselona” Kuboklar kubokunun finalında (1:0) qalib gəlib.

 

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

 

14 aprel

 

23:45. “Atletiko” (İspaniya) – “Real” (İspaniya)

Baş hakim: Milorad Majiç (Serbiya)

Madrid. “Visente Kalderon” stadionu

 

23:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Pavel Kralovets (Çexiya)

Turin. “Yuventus” stadionu

 

15 aprel

 

23:45. “Porto” (Portuqaliya) – “Bavariya” (Almaniya)

Baş hakim: Karlos Velasko Karvalyo (İspaniya)

Porto. “Draqao” stadionu

 

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Paris. “Park de Prens” stadionu