Futbol üzrə Çempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, avropalı həmkarlarımız Azərbaycanın qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşmasını qəbul etmək şanslarını dəyərləndirib.
Nüfuzlu goal.com saytı hazırda Bakıda keçirilən Avropa Oyunlarının yüksək səviyyədə təşkilini, açılış mərasiminin isə ümumiyyətlə möhtəşəm olduğuna əsaslanıb, böyük futbol matçının da ölkəmizə verilməsini münasib variant sayır. Həmkarlarımız Bakı Olimpiya Stadionunun da buna layiq arena olduğunu düşünür.
AFFA-nın baş katibi Elxan Məmmədov da avropalıların önə çəkdiyi mövzuya münasibət bildirib. O, yaxın illərdə belə bir matçın Bakıda keçirilməsini istisna etməyib. Məmmədov təkcə Çempionlar Liqası deyil, Avropa Liqasının final qarşılaşmasının da ölkəmizdə baş tutmaq ehtimalını istisna etməyib: “İndi Azərbaycanda 60 min tamaşaçı tutumuna malik stadion var. Bu arena bütün regionda ən böyük idman qurğusudu. Yaxın illərdə Çempionlar Liqası və ya Avropa Liqasının final qarşılaşması da bu arenada keçirilə bilər. Düşünürəm ki, bu, böyük hadisə olar”.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin 4 oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.