[b]Çexiya - Azərbaycan matçı sloveniyalılara tapşırıldı[/b]
05.10.2016 - 11:47
[b]Çexiya - Azərbaycan matçı sloveniyalılara tapşırıldı[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına tapşırıb.

 

Ostrava şəhərində keçiriləcək görüşdə ədalət təmsilçisi Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər.

 

Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək

 

 

Yuq karyerasında ikinci dəfə təmsilçimizin görüşünün baş hakimi olacaq. 36 yaşlı hakim 4 il öncə də əsas millimizin qarşılaşmasında fit çalıb.

 

Həmin vaxt Yuq DÇ-2014-ün seçmə mərhələsinin ilk oyununda İsraillə qarşılaşan yığmamızı Tofiq Bəhramov adına Respublika stadionuna çıxarmışdı. Ruslan Abışovun qol vurduğu həmin matç 1:1 hesabı ilə nəticələnmişdi. 4 il öncəki qarşılaşmada 4 sarı vərəqə göstərən sloveniyalı 1 dəfə yığmamızı, 3 dəfə qonaqları cəzalandırmışdı.

 

Bu, məhz həmin qarşılaşmadı ki, Abışova göstərilən sarı vərəqə UEFA da daxil olmaqla, bir sıra rəsmi mənbələrdə də qeyd edilməyib. Sonradan futbolçunun cəzalı duruma düşdüyü vaxt məlum olub ki, FİFA-dakı qeydlər UEFA-dan fərqlidi.

 

2007-ci ildən FİFA hakimi olan Yuqun karyerasında xeyli sayda böyük turnirlər də var. UEFA-nın referilər üçün 1-ci kateqoriyasına daxil olan sloveniyalı 2010-cu ildə U-19-lar, 2013-cü ildə U-21-lər arasında Avropa çempionatının final mərhələsini idarə edib. 3 il öncəki yarışda İtaliya – İspaniya finalının (2:4) baş hakimi də məhz Yuq olub. Ötən il U-17-lər arasında dünya çempionatının final mərhələsində də baş hakim kimi iştirak edən referi avrokubokların qrup mərhələsinin daimi ədalət təmsilçisidi.

 

Lakin Yuqun ən böyük uğurları əlavə hakim köməkçisi, yəni qapı arxası ədalət təmsilçisi kimi olub. O, AÇ-2012 və AÇ-2016, həmçinin 4 il öncəki UEFA Superkubokunda bu funksiyaları icra edib.

 

0