“Sumqayıt” klubunun meneceri Ceyhun Sultanov mənzil fırıldaqçılığının qurbanı olub. Millimizin sabiq futbolçusu apasport.az saytına açıqlamasında 2008-ci ildə pulunu ödədiyi mənzilə hələ də qovuşa bilmədiyini söyləyib.
Sultanov bildirib ki, həmin vaxt “Olimpus” firmasına ev üçün 48 min manat ödəyib: “Xəzər Lənkəran”da oynadığım vaxt “Olimpus” firmasından mənzil almaq istəyirdim. Onda bina hələ tikilməmişdi. Sonra firmanın rəhbəri həbsə düşdü və orda da vəfat etdi. Yeni Yasamaldakı həmin bina da “Şərur” MTK-nın nəzdinə keçib. Onlar da deyirlər ki, mənzilini “Olimpus”dan tələb elə. Bununla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə lehimə qərar çıxardı və ordan mənzil almaq üçün pul ödədiyimi təsdiqlədi”.
Sultanov məhkəmə qərarına baxmayaraq, hələ də arzusuna çata bilməyib: “Əlimdə məhkəmə sənədi var. Həmin bina heç tikilməyib, elə əvvəlki vəziyyətində qalıb. Artıq 7 ildi bu məsələ başımı ağrıdır. Amma bunu belə qoymayacam axıra qədər gedəcəm”.