[b]Çingiz Abdullayev: AZAL adlı komanda olduğunu bilmirdim[/b] - MÜSAHİBƏ
13.04.2015 - 19:42
[b]Çingiz Abdullayev: AZAL adlı komanda olduğunu bilmirdim[/b] - MÜSAHİBƏ

“Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev ölkə kubokunun yarımfinal mərhələsinin “İnter”lə görüşünün fasiləsində jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə maraqlı məqamlara toxunulub.

 

- Bu gün keçirdiyiniz iclasda hansı qərarlar qəbul olundu?

- Mövsümün sonuna 1-2 ay qalıb. Növbəti mövsümdən yeni struktur olacaq. Şura yaranandan sonra 2 nəfəri işə götürmüşük. Biri Dmitri Kramarenkodu. O, qapıçılarla çalışacaq. Digəri isə Vəli Qasımovdu. Amma hələlik bununla bağlı qərar verilməyib.  

 

- Qasımovun işi nədən ibarət olacaq?

- Ona idman direktoru postunu təklif etmişik. Klublarda belə bir vəzifə var və çox böyük, lazımlı vəzifədi. Düşünürük ki, Qasımov bu işin öhdəsindən gələr. Çox sevindim ki, komandamızda vitse-prezident Elnur Məmmədovdan tutmuş əksəriyyəti xarici dilləri bilir. Vəli müəllim də ispan və portuqal dillərində gözəl danışır. Doğrudan da, yaxşı futbolçudan əlavə yaxşı məşqçidi. İdman direktoru kimi “Neftçi”yə çox xeyir verəcək.

 

- Dmitri Kramarenko məktəb layihəsini AFFA ilə birlikdə etmək istəyirdi...

- AFFA-nın baş katibi Elxan Məmmədovla da söhbət etdik. AFFA-nın nümayəndələri ilə də danışdıq, onlarla da əməkdaşlıq edəcəyik. Amma məktəb “Neftçi”də olacaq.

 

- Gələnlər məlumdu, bəs komandadan gedənlər?

- Gedənlər haqda danışmaq istəməzdim. Çünki mövsüm hələ bitməyib. Bu məsələləri müzakirə etməliyik. Tezliklə müəyyənləşdirəcəyik.  

 

- Baş məşqçi postunda da dəyişiklik olacağı barədə də söz-söhbətlər gəzir...

- Bunu məndən Lənkəranda da soruşdular. Bilmirəm, bunu hardan eşidirsiniz... İstəyirəm ki, birinci kuboku qazanaq. Digər variantı düşünmürəm.  

 

- “Neftçi” hansı nəticəni göstərməlidi ki, bu, sizi qane eləsin?

- “Neftçi” Avrokuboka çıxıb, orda yaxşı oyun göstərməlidi. İnanıram ki, komandada bu potensial var. “Neftçi” adi komanda deyil, 70 illik tarixi var. Bütün komandalara hörmətlə yanaşıram, amma yaşım 50-ni keçsə də, “İnter”, AZAL adlı komandalar eşitməmişdim.  

 

- Komandanızın Bakıxanov qəsəbəsindəki bazasının durumu nə yerdədi?

- İndi bir az klubun maddi vəziyyəti ağırdı. Təbii ki, bazanın durumu bizi qane etmir. Bir az “Xəzər Lənkəran”ı tərifləyim. Onların bazası, şəraiti xoşuma gəldi. Muzeylərini də gördüm. Bütün komandalarımızın belə şəraiti olmalıdı.