Topaz Premyer Liqasının XXXII turunda öz meydanında “Qarabağ”a məğlub olan “Zirə”nin qapıçısı Anar Nəzirovun seriyası da qırılıb. Apasport.az saytının məlumatına görə, bu oyuna qədər ardıcıl 4 “quru” oyun keçirən (“Sumqayıt” (1:0), “Rəvan” (4:0), “Xəzər Lənkəran” (1:0) və “Neftçi” (0:0) ) debütantın çərçivə qoruyucusu düz 372 dəqiqə qapısını qola qapatmışdı.
Premyer Liqada ilk mövsümünü keçirən zirəlilər özünün ən uzun quru seriyasını 32-ci turda da davam etdirmək istəsə də, “Qarabağ” qarşısında sadəcə 28 dəqiqə duruş gətirə biliblər.
Sonuncu dəfə XXVII turun “Kəpəz”lə qarşılaşmasında matçın 78-ci dəqiqəsində komanda yoldaşı Tellur Mütəllimovun avtoqoluna üzülən Anar Nəzirov beş tur sonra bu qarşılaşmanın 28-ci dəqiqəsində Daninin qoluna əngəl ola bilməyərək “quru” seriyaya düz 400-cü dəqiqədə son qoyub.