[b]"Finalın harada keçirilməsi fərq etmir" - Denis Silva[/b]
22.04.2015 - 09:11
[b]"Finalın harada keçirilməsi fərq etmir" - Denis Silva[/b]

“İlk oyundakı qələbə işimizə çox yaradı. Cavab qarşılaşması çətin keçdi, amma bizə lazım olan nəticəni əldə etdik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Denis Silva deyib.

 

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “İnter” – “Neftçi” (2:1) matçından sonar açıqlama verən təcrübəli futbolçu qarşılaşmanı dəyərləndirib. O, kubok yarışında iki oyunun nəticəsinin vacib olduğunu vurğulayıb. Silva fasilədən sonrakı zəif çıxışlarını belə izah edib: “Yenə deyirəm, bizim üçün nəticə vacib idi. Birinci hissədə vurduğumuz qol da işimizi rahatlaşdırdı. Ondan sonra nəticəyə oynadıq. Ola bilər, oyun planında xoş təsir bağışlamadıq. Amma məqsədimiz var və ona çatmaq üçün çalışmalıyıq”.

 

Təcrübəli futbolçu həlledici oyunla bağlı indidən danışmaq istəmədiyini də sözlərinə əlavə edib: “Finalda “Qarabağ”la qarşılaşacağıq, amma bu oyun haqda indidən düşünməyin mənası yoxdu. Çünki finala qədər kifayət qədər vaxtımız var. Bizi indi çempionat oyunları gözləyir. Bu qarşılaşmaları da qələbələrlə başa vurmalıyıq”.

 

Braziliyalı müdafiəçi “Ötən mövsüm “Qəbələ” bürünc medalları, “Neftçi” isə ölkə kubokunu qazandı. Cari mövsümdə də analoji yerdəyişmə gözlənilirmi?” belə cavab verib: “İnanmıram ki, belə hal baş versin. Qarşıda oyunlarımız var. Çalışacağıq ki, ən azı hazırkı mövqeyimizi qoruyaq”.

 

Silva şənbə günü “Qarabağ”la keçiriləcək çempionat matçının final görüşünə tay tutulması ilə razılaşmayıb: “Çempionat və kubok oyunları fərqlidi. Hər birinin özünəməxsus ab-havası, həyəcanı var. Emosiyalar fərqli olur. Ona görə də, çempionatdakı matçın kuboköncəsi sınaq kimi dəyərləndirilməsi düzgün yanaşma deyil”.

 

O, final matçın harada keçirilməsinin fərq etmədiyini, yeganə istəyinin meydanın örtüyü ilə bağlı olduğunu bildirib: “Oyunun harada keçirilməsi elə də fərq etmir. Əsas odu ki, təbii örtüklü meydançada oynayaq. Çünki biz süni örtükdə oynamağa öyrəşməmişik”.