[b]Dmitri Nazarov: Final mərhələsinə yüksəlməyimiz realdı - MÜSAHİBƏ[/b]
08.10.2016 - 00:00
[b]Dmitri Nazarov: Final mərhələsinə yüksəlməyimiz realdı - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağımız Norveçlə qarşılaşma haqda fikirlərini bölüşüb. AFFA-nın həmin görüş üçün hazırladığı oyun proqramına müsahibə verən “Aue”nin üzvü bir çox maraqlı mətləblərə toxunub.

 

- DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi Norveç yığması ilə qarşılaşacaq. Vacib oyundan əvvəl nə düşünürsünüz?

- Bildiyiniz kimi, qrupun ilk görüşündə səfərdə San Marinonu məğlub etdik. İndi Bakıda keçirəcəyimiz bu qarşılaşmada da uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq. Biz Norveçə qarşı yaxşı oynaya bildiyimizi göstərmişik. Oyundan-oyuna komandanın çıxışı da yaxşılaşır. Qələbə qazana bilərik.

 

- Millinin heyətində unuda bilmədiyiniz oyun varmı?

- Bakı Olimpiya Stadionunda İtaliya yığmasına qarşı keçirdiyimiz oyun unudulmazdı. Həm 4 qat dünya çempionuna qarşı oynamağımız, həm də əfsanəvi Buffona qol vurub hesabı bərabərləşdirməyim həmin oyunu mənim üçün xüsusi edən amillərdi.

 

- Meydanda komanda yoldaşlarından ən yaxşı hansı ilə anlaşırsız?

- Kiminləsə qarşılıqlı anlaşma problemim olduğunu deyə bilmərəm, ancaq matç ərzində daha yaxşı anlaşdığım oyunçu Ruslan Qurbanovdu.

 

- Millidə ən yaxşı oyununu hansı komandaya qarşı keçirmisiz?

- Bununla bağlı özümün fikir bildirməyim bir az çətindi. Ancaq konkret cavab verməliyəmsə, Bakıda Xorvatiya yığmasına qarşı keçirdiyimiz oyundakı çıxışımı qeyd edə bilərəm.

 

- Necə düşünürsüz, komanda olaraq hansı səhvləriniz daha çox hiss olunur?

- Əslində, futbolda hadisələr o qədər sürətlə baş verir, hadisələr bir-birini elə tez əvəz edir ki, indiki məqamda bu haqda düşünməyə vaxtım olmayıb.

 

- Almaniyada futbolçu olmaq istəyən gənclərdən ilk olaraq nə tələb olunur?

- Bütün sahələrdə olduğu kimi, futbolda da ilk tələb intizamlı olmaqdı.

 

- Deyirlər, təhsillə idman uzlaşmır? Doğrudu?

- Razı deyiləm. Fərdi yanaşmadan daha çox asılıdı. Mən isə təhsili çox vacib sayıram. Ən azından ona görə ki, idmanda gözlənilmədən zədələnə, karyeranı başa vura bilərsən. Buna görə də alternativ variantlar olmalıdı.

 

- Azərbaycan millisində oynamaq sizə nə qazandırdı?

- Çox şeylər sadalaya bilərəm. Bu, mənim üçün çox vacib məqamdı. Futbolçu kimi beynəlxalq təcrübə qazanıram. Mən Azərbaycanı sevirəm. Çox gözəl ölkədi. İnsanları mehribandı. Buna görə də, Azərbaycan millisində oynamaqda qürur hissi keçirirəm, fəxr edirəm.

 

- Millimizin DÇ-2018-in seçmə mərhələsində yer aldığı qrupu necə dəyərləndirirsiz?

- Çətin qrupda mübarizə aparırıq. Ancaq dəfələrlə sübut etmişik ki, güclü komandalara qarşı oynamağı bacarırıq. Almaniya millisi qrupun şəksiz favoritidi. Ancaq biz də hər oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

- AÇ-2020-nin finalına yüksəlmək millinin əsas hədəfidi. Bu, nə dərəcədə realdı?

- Düşünürəm ki, realdı. İtaliya və Xorvatiya kimi komandalara qarşı yaxşı oynamışıq. Azərbaycan millisi niyə də AÇ-2020-nin finalına çıxmasın? Vaxtımız var və bu məqsədə çatmaq üçün bütün bacarığımızı sərf edəcəyik.

 

- Komandaya yeni cəlb edilən Ramil Şeydayev və Emin Mahmudiv “lokomotiv” funksiyasını yerinə yetirə biləcəklərmi?

- Onları komandada yaxşı qarşıladılar. Ümumiyyətlə, millidə atmosfer əladı. Onlar hər ikisi gənc futbolçulardı, komandaya uyğunlaşmaq üçün müəyyən zamana ehtiyac ola bilər. Düşünürəm ki, komandamız üçün çox faydalı olacaqlar.

 

- Həsəd apardığın futbolçu varmı?

- Heç bir futbolçuya həsəd aparmıram.

 

- Futbolçuların inancları güclü olur, siz nəyə inanırsız?

- İnanıram ki, düzgün istiqamətləndirilmiş və səmərəli əmək dərhal olmasa da, zaman keçdikcə öz nəticəsini verəcək. Futbolçu kimi sən zəhmətinlə öz işinə yatırım etməlisən.

 

- Norveçlə oyun millinin yeni tsikldə ilk ev matçı olacaq. Uğurlu başlanğıca inanırsız?

- Təbii ki, inanıram. Səbirsizliklə oyunu gözləyirik. Bakıda, azarkeşlərimiz qarşısında oynayacağımız qarşılaşmaya hazırıq.

 

- Robert Prosineçki millidə nəyi dəyişməyə nail oldu?

- Məncə, o, hər şeyi düzgün edir. Hər oyun, bir öncəkindən daha yaxşı çıxış edirik. Onun rəhbərliyi altında əsl futbol oynayırıq.

 

- Qazanılan xallar və görülən işlər gələcək üçün ümid verirmi?

- Əlbəttə. Biz doğru yoldayıq və bu yolla irəliləməyi davam etdirmək istəyirik.

 

0