Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsi futbol ictimaiyyətinin də diqqətindən yayınmayıb. Apasport.az saytı xəbər verir ki, bir çox futbolçu baş verənlərə sosial şəbəkələrdə öz münasibətini bildirib.
Bu baxımdan türkiyəli futbolçular daha fəaldılar. Onlar baş sağlığı diləklərini və bu hadisəni törədənlərə öz etirazlarını tvitter və instaqram hesablarından çatdırıblar.
“Barselona”nın formasını geyinən Türkiyə millisinin kapitanı Arda Turan fikirlərini bu cür ifadə edib: “Başımız sağ olsun, cənnət Vətənim. Ürəyimiz yanır. Gedən hər can bizim, axan hər damla göz yaşı bizim. Bu, son olsun!”
“Fənərbaxça”nın müdafiəçisi Gökhan Gönül hadisəni törədənləri sərt şəkildə qınayıb: “Ankarada alçaq şəkildə planlaşdırılmış terroru lənətləyirəm. Həlak olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.
Dortmund “Borussiya”sında çıxış edən yarımmüdafiəçi Nuri Şahin də başsağlığı diləyini “tvitter” hesabından yazıb: “Ölkə olaraq başımız sağ olsun. Ölən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”.
“Arsenal”ın Türkiyə əsilli futbolçusu Məsut Özil, “Qalatasaray”ın kamerunlu müdafiəçisi Aurelien Şedju, “Bayer”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu və “Fənərbaxça”nın portuqaliyalı yarımmüdafiəçisi Luiş Nani “Ankara üçün dua” mesajını çatdırıblar.
2013/14 mövsümündə “Qalatasaray”da çıxış etmiş Fil Dişi Sahili yığmasının əfsanəvi hücumçusu Didye Droqba da baş verənlərə biganə qalmayıb. 38 yaşlı futbolçu tvitter hesabından “Eyni göz yaşları, eyni əziyyətlər. Ankara” yazısını yazıb.
Qeyd edək ki, dünən axşam Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 37 nəfər ölüb, 125 nəfər yaralanıb.