“Rəqibi, xüsusilə də Şahin müəllimi qələbə münasibətilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Topaz Premyer Liqasının XXV turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan cənublular matçdan 0:2 hesablı məğlubiyyətlə ayrılıblar.
Oyundan sonra “apasport”a açıqlama verən mütəxəssis qarşılaşma haqqında fikirlərini bölüşüb: “Düşünürəm ki, hesab oyuna görə olmadı. Əlimizə düşən imkanlardan istifadə etsəydik, rahat qələbə qazanardıq. Matç ərzində çoxlu epizodları boşa verdik. Ancaq bununla belə, futbolçularıma təşəkkür etmək istəyirəm. Son 16 gündə 5 oyun oynadıq, buna baxmayaraq, gənclərimiz fiziki qüvvə baxımından heç kimdən geri qalmırlar”.
Baş məşqçi hakim qərarının nəticəyə təsir etdiyini də deyib: “Təəssüflər olsun ki, hakimin səhv qərarı ardıcıl ikinci oyundu ki, nəticəyə təsir edir. Rəqibin fərqləndiyi ilk epizodda künc zərbəsi yox idi. Hakim yanlış qərar verdi ki, bunun da nəticəsində qapımızda qol gördük. Hakimləri bir az diqqətli olmağa dəvət edirəm. Gənc oyunçular yanlış qərarlardan sonra ruhdan düşürlər və özlərinə gəlmək çətin olur”.