“Qarabağ”ın futbolçusu Elşən Abdullayev karyerasını “Zirə”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi qəsəbə təmsilçisi ilə icarə əsasında yaya kimi anlaşıb.
“Səbail”in də israrla heyətində görmək istədiyi oyunçunun “Zirə”ni seçmə səbəbi meydanda daha çox vaxt keçirmək və Avrokuboklarda oynamaq arzusudur. Belə ki, Qurban Qurbanovun şəxsi istəyi və böyük ümidlərlə “Neftçi”dən “Qarabağ”a gələn Elşən sonradan heç cür heyətdə möhkəmlənə bilmədi.
Komandanın Çempionlar Liqası heyətindən də kənarda qalan Abdullayev Premyer Liqa matçlarında da meydan üzünə həsrət qalmışdı.
Bu səbəbdən də oyun praktikası sarıdan əziyyət çəkən futbolçu daha çox oynaya biləcəyi və eyni zamanda Avrokubok şansı olan komandaya keçib. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Ayxan Abbasov ona əsas heyətdə oynamaq sözü verib. Keçmiş komanda yoldaşı Emil Balayev və “Neftçi”də birlikdə işlədiyi Samir Əliyevin israrları isə yarımmüdafiəçinin fikrini dəyişməyə yetməyib.
Qeyd edək ki, Elşən Abdullayev ötən ilin dekabrında “Neftçi”dən “Qarabağ”a keçmişdi.