“Qəbələ” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- Türkiyəyə təlim-məşq toplanışına ilk yollanan klubumuz “Qəbələ” oldu. Antalya hazırlığı necə keçir? Komandanın indiki durumu nə yerdədi?
- Məşqlər yaxşı keçir, hər şey qaydasındadı. Antalya toplanışımız iki mərhələyə bölünüb. İlk mərhələ 10 günlük oldu. Məşqlərlə yanaşı, yoxlama görüşlərində də qüvvəmizi sınadıq. Artıq toplanışın ikinci mərhələsinə başlamışıq. Komanda gündən-günə həm fiziki, həm də taktiki cəhətdən özünə gəlməyə çalışır. Yoxlama matçları futbolçuların meydanda bir-birini daha yaxşı başa düşməsi baxımından vacibdi. Bunun bəhrəsini görəcəyik. Hələ 10 gün vaxtımız var. Çempionatda üçüncü dövrəyə qədər daha yaxşı hazırlaşıb, yolumuza davam etmək, xallarımızı götürmək istəyirik.
- “Qəbələ” qış fasiləsində bir neçə futbolçu - Aqil Məmmədov, Tellur Mütəllimov, Endi Hallidey, Deyv Bultuis, Ekiqo Ehiosun və Roman Hüseynovla yolları ayırdı. Əvəzində klub hələlik yalnız Təmkin Xəlilzadəni heyətinə qatıb. Yəqin ki, başqa yeni futbolçular da “Qəbələ”yə qoşulacaq. Bu dəyişikliklər komandaya necə təsir edəcək?
- Gedənlərə uğurlar arzulayıram. Onların da hər birinin “Qəbələ” üçün əməyi var. Yeni transfer Təmkin Xəlilzadə sabiq klubunda daim oynamış, özünü sübut etmiş futbolçudu. Onunla bir yerdə oynamışıq. Deyərdim ki, gənclərin içində ən çox parlayan futbolçulardan biri Təmkindi. Fikrimcə, onun gəlişi həm özü, həm də “Qəbələ” üçün xeyirli olacaq. Təki belə olsun və fasilə bitdikdən sonra qələbələri sıralayaq.
- Çempionatda qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ” ölkə kubokunda yarımfinalçılardan biridi. Komandanın əsas hədəfi nə olacaq?
- Məqsədimiz hər iki “cəbhə”də vuruşmaqdı. Həm çempionat, həm də ölkə kubokunda maksimum irəliləmək istəyirik. Düzdü, avrokuboka getmək üçün ən qısa yol kubokdan keçir. Amma çempionatda da iddialıyıq. Premyer Liqada mövsümün sonuna 2 dövrə qalıb. “Qəbələ” hər iki “cəbhə”də mübarizə aparmağa qadir komandadı. III dövrənin ilk turundan vəziyyətin müsbətə doğru getməsini istəyirik. Qış fasiləsindən sonra ilk oyunumuzu “Qarabağ”a qarşı keçirəcəyik. Bu görüşdən yaxşı nəticə ilə ayrılmaq lazımdı.
- Qeyd etdiyiniz kimi, fasilə bitəndən sonra ilk oyununuzu lider “Qarabağ”a qarşı keçirəcəksiz. Hazırda son çempiondan 6 xal geri qalırsız. XV turda baş tutacaq “Qarabağ” – “Qəbələ” matçını çempionluq oyunu adlandırmaq olarmı? Çünki uduzacağınız halda, fərq 9-a yüksələcək...
- Çətin görüş olacaq. Çünki qış fasiləsindən sonra çempionatda ilk oyunumuza çıxacağıq. Düzdü, uduzsaq, fərq 9-a çatacaq və bu, çox böyük fərq olar. Biz də bunun fərqindəyik. Buna görə də, əlimizdən gələni edib, qələbə qazanmaq və aradakı fərqi azaltmaq istəyirik. Çempionluq yarışında hər bir komanda xal itirə bilər. Amma 9 xallıq fərq çox olar. Buna imkan verməməli, əksinə fərqi azaldıb, “Qarabağ”a yaxınlaşmalıyıq.
- Kubokun yarımfinalında isə sizi “Neftçi” ilə oyunlar gözləyir. Bu komanda da qış fasiləsində xeyli futbolçu ilə vidalaşdı. Kimin finala adlamaq şansı daha çoxdu?
- Şansları bərabər sayıram. Bu oyunlara qədər hələ nə qədər vaxt var və hər iki komandanın heyətinə yeni futbolçular qoşula bilər. “Neftçi”nin yoxlama görüşündə böyük hesabla uduzması o demək deyil ki, bizimlə matça qədər belə davam edəcək. “Neftçi”nin yaxşı futbolçuları, güclü kollektivi var. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, qələbə qazanan tərəf olmaq niyyətindəyik.
- Adınız bir müddət öncə “Neftçi” ilə yanaşı çəkilirdi. Gələcək karyeranızla bağlı nə düşünürsüz?
- İndidən konkret nəsə deyə bilmərəm. Çempionatın bitməsini gözləyirəm. “Qəbələ” ilə mövsümün sonuna qədər müqaviləm var. Yaya qədər oynayıb, sonra bu barədə düşünəcəm.
Tengiz MƏMMƏDOV