[b]Elxan Abdullayev: Bilsəydim, milyonçu olardım[/b]
09.09.2014 - 15:46
[b]Elxan Abdullayev: Bilsəydim, milyonçu olardım[/b]

“Rusiya ilə oyun adi yoldaşlıq matçı idi. Həmin görüşün nəticəsini göstərici kimi qəbul etmək olmaz”. Bunu apasport.az saytına millimizin sabiq məşqçisi Elxan Abdullayev deyib.

 

2009-cu ildə yığmamızda Berti Foqtsun köməkçisi qismində çalışmış Abdullayev Bolqarıstanla seçmə mərhələ oyunu öncəsi fikirlərini bildirib. O, bugünkü qarşılaşmaya nikbin baxır.

 

Abdullayevin sözlərinə görə, yığmamız bu gün qələbə qazanacaq: “Bu gün bizim qrupda seçmə mərhələ başlayır. Tsikl bizim üçün uğurlu başlayacaq. İnanıram ki, millimiz bu gün 3 xal qazanacaq. Düzdür, Bolqarıstan millimizdən reytinqdə üstündür, heyətində yaxşı futbolçular oynayır. Amma inanıram ki, komandamız bu gün bolqarlara qalib gələcək”.

 

44 yaşlı mütəxəssis dəqiq hesab deməkdən də çəkinmədi: “Məncə, hesab 2:1 bizim xeyrimizə olacaq. Görərsiniz, bu gün Moskvadakı heyət oynamayacaq. Sadəcə, Foqts orda heyəti yoxlayırdı. Bu gün əsas heyət oynayacaq, özü də yaxşı da çıxış etməlidirlər. Biz həmişə evdə yaxşı oynayırıq. Ona görə də qələbəyə inanıram. Ürəyimə damıb ki, biz bu gün meydanı məyus tərk etməyəcəyik”.

 

“Millimizdən qolları kim vuracaq” sualına isə Abdullayev belə cavab verdi: “Qol müəlliflərinin kim olacağını deyə bilmərəm. Mən Devid Kopperfild (məşhur amerikalı illüzionisti nəzərdə tutur – S.T.) deyiləm ki?! Bunu bilsəydim, milyonçu olardım”.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.

 

Səbuhi TOFİQOĞLU