“AFFA 1992-ci ildə təsis olunub. 1994-cü ildə FİFA və UEFA-nın tam üzvü olub. AFFA hal-hazırda 4 üzvdən ibarətdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransında iştirak edən Elxan Məmmədov assosiasiyanın strukturu barəsində danışıb: “2009-cu ildə UEFA-nın kütləvi futbol proqramına qoşulduq. 2011-ci ildə “Dalğa Arena”da inşa edildi. Azərbaycan futbolunun infrastrukturunda irəliləyiş oldu. Bakı şəhərində stadion problemi 2012-ci ildə həll edildi. Bayılda, Ağsuda və digər yerlərdə stadionlar inşa edildi və istifadə olunmağa başladı. 2014-cü ildə əlavə layihələr təşkil olundu. 2015-ci ildə isə Olimpiya Stadionu Gənclər və İdman Nazirliyi tərəfindən AFFA-ya istifadəyə verildi”.
Məmmədovun sözlərinə görə, qarşıya qoyulan əsas məqsədlərdən biri uşaqları futbola cəlb etməkdi: “Bizim hədəfimiz əhalinin 5 faizini futbol ailəsinin üzvü etməkdi. Bu sürətlə getsək, ola bilər ki, həmin hədəfi əldə edək. Çalışırıq ki, uşaqlarımız, gənclərimiz bu idman növü ilə məşğul olsunlar”.
Məmmədov futbolumuzdakı problemlərdən də söhbət açıb: “Hazırda Topaz Premyer Liqasında 10, I divizionda 14 komandamız var. Ötən mövsümün əvvəlindən “Araz Naxçıvan” Premyer Liqadakı çıxışını dayandırdı. Əsasnaməyə əsasən, I divizionun qalibi onu əvəz etməli idi. “Neftçala” və “Ağsu” komandalarının birbaşa çıxmaq hüquqları var idi, əgər lisenziya işində problemləri olmasaydı. “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan-T” komandaları lisenziya ala bilmədilər. “Zirə” və “Kəpəz” bütün sənədləri hazırlayaraq, təqdim etdilər. “Bakı” komandası son yerdə olduğuna görə, I diviziona keçdi. “Zirə” və “Kəpəz” isə Premyer Liqaya vəsiqə qazandı. “Simurq” maliyyə probleminə görə tam dağıldı. Sonra İcraiyyə Komitəsinin iclası keçirildi və qərara alındı ki, “Rəvan” Premyer Liqaya cəlb olunsun. Təəssüflər olsun ki, I divizionda iştirak edən klublar sənəd işinə bir qədər məsuliyyətsiz yanaşırlar. Konfransda bu məsələni açmaq istədim ki, onlara mesaj olsun. Biz onların maliyyə problemini, səbəblərini də bilirik. Bu problemlər əcnəbi futbolçularla dollarla müqavilə imzalanmasından irəli gəlirdi. Devalvasiya olandan sonra bu, təsirini göstərdi. Klublar məcbur oldular ki, büdcələrini azaltsınlar. Təbii ki, hər klub özü bu problemi həll etməyə çalışır. Amma bu, ümumilikdə Azərbaycan futbolunun zəif nöqtəsidi. Premyer Liqa ilə I divizion arasında kəskin fərq var”.