[b]Elxan Məmmədov: Mənə yaxın? Anlamadım[/b]
11.05.2018 - 13:40
[b]Elxan Məmmədov: Mənə yaxın? Anlamadım[/b]

“Gərginlik yox idi. Sərbəst, demokratik müzakirələr aparıldı. Bir neçə il idi ki, klublarımız əvəzedicilərin çempionatı ilə bağlı məsələni qaldırırdılar. Son Klublar Komitəsinin iclasında da bu məsələ açıldı, xahiş elədilər ki, müzakirə edək. Yekun olaraq, qərara aldıq ki, əvəzedicilərin çempionatı yeni mövsümdə də eyni sistemlə davam etsin. Əlavə olaraq, yaş limiti ilə bağlı qərar növbəti mövsümdə də tətbiq olunacaq. Bildiyiniz kimi, hər komandada bir 1996-97 təvəllüdlü futbolçu oynamalı, həmçinin qeydiyyatda bir 1998-99 təvəlllüdlü futbolçu olmalıdı. U-21 yığmamızın daha yaxşı nəticələr əldə etməsi üçün bu addımı atmışdıq. Nəticələr müsbət effekt verdi, ona görə daha bir mövsüm eyni formada davam etmək qərarına gəldik. Növbəti mövsümlərdə isə yeni yaş qruplarına uyğun qərarlar verilə bilər”. Apasport.az saytının xəbərinə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirilən brifinqdə deyib.

 

O bildirib ki, lisenziyalaşdırma ilə bağlı sabah iclas olacaq və yekun qərar qəbul ediləcək: “Artıq hesabat baş tutdu. Təəssüflər olsun ki, birinci divizonda cəmi bir klub – “Sabah” tələb olunan bütün sənədləri tam təqdim edib. Hətta idman prinsiplərini qorumaq üçün cədvəl də hazırlanmışdı. Bizim üçün sənədlər daha önəmlidi. Çünki biz bu gün komanda yox, klub görmək istəyirik. Söhbət peşəkar statuslu çempionatdan gedir. Məqsədimiz hər iki çempionatda peşəkarları görməkdi. Sabah iclas olacaq və müvafiq qərar qəbul olunacaq. İlk növbədə sənədlər AFFA-nın, lisenziyalaşdırmanın əsasnaməsinə uyğun olmalıdı”.

 

- Çempionatda sonuncu yeri tutan komanda liqanı tərk edəcək?

- İdman prinsiplərinə və əsasnaməyə uyğun olaraq, təbii ki, belə olmalıdı.

 

- Yəni “Kəpəz” gedir, “Sabah” gəlir?

- Sonuncu yerdə gedən komanda liqanı tərk etməlidi və lisenziya alan gəlməlidi. Qalan şeyləri dəqiq deyə bilmərəm, çünki yekun qərar sabah veriləcək. Vəziyyəti şəffaf şəkildə sizə izah elədim.

 

- Digər klubların sənədlərində problemlər çoxdu?

-10 klubdan 8-i bizə müraciət edib, onların demək olar ki, ikisi sənədlərin 50%-ni təqdim edib, digərləri heç sənəd verməyib: ərizədən başqa heç nə yox idi

 

- “Xəzər” çempion oldu, ancaq Premyer Liqaya buraxılması sual altındadı. Əvvəlki illərdə “Səbail”, “Kəpəz” və “Zirə” kimi klubların sənədlərində də çatışmazlıq var idi. Nə fərq var bu klublarla “Xəzər” arasında?

- Əslində, onlarla bağlı çatışmazlıq yox idi. Onların sənədləri qaydasında idi, istəsəz, aktivləri ictimaiyyətə aça da bilərik. Sənədlərin 90%-i qaydasında olanda, İcraiyyə Komitəsi məsuliyyəti öz üzərinə götürüb, klubun çempionata buraxılmasına icazə verir. Ancaq sənədlərin 10-20%-i təqdim olunubsa, artıq bu, təhlükəlidi. Biz Premyer Liqanın vəziyyətini stabilləşdiririk. Ola bilər, komandaların sayı azdı, 8-di, ancaq onların hamısı stabildilər, təməlləri, uşaq komandaları, bazaları və infrastrukturları var. Sənədlərə diqqətlə yanaşmalıyıq ki, yeni gələnlər bu təməli pozmasın. Komanda yarandı, birinci oldu, dərhal sənədsiz Premyer Liqaya buraxsaq, lisenziyalaşdırma və İK müəyyən istisna tətbiq etsə, bunun arxasında durmaq olmayacaq. Çempionatın 7 komanda ilə bitməsini istəmirik. Əvvəllər hətta çempionatın ortasında maaşları verə bilməyən klublar var idi. Bank zəmanətləri tələb etməsəydik, futbolçular maaşsız qalacaqdı. Futbolçuları elə vəziyyətdə meydançaya çıxmağa kim məcbur edə bilərdi? Lisenziyalaşdırma şərtlərini pozmamağa çalışırıq. Əvvəlki təcrübə göstərir ki, risk edə bilmərik. Premyer Liqada olan rəqabət, ədalətli oyun göstərir ki, artıq komandalar müstəqil şəkildə fəaliyyət göstərirlər. Həmin komandaların uşaq komandalarına da nəzər sala bilərsiz. 8 komanda mütəmadi olaraq bütün uşaq liqalarında təmsil olunur. Birinci divizionda bu, belə deyil. Hərdən oyuna belə, gəlmirlər. Ancaq Premyer Liqadakılar çox məsuliyyətlidilər. Əlavə olaraq, Rövnəq Abdullayevin tapşırığına əsasən, klubların infrastrukturu da yaxşılaşdırılır. Artıq ölkə olaraq, süni ot örtüyündən təbii ota keçirik. “Dalğa Arena”da və bir neçə stadionda ot örtüyü artıq dəyişdirilib. İyul ayında “Zirə”nin meydançası da AFFA tərəfindən quraşdırılacaq. “Keşlə”nin infrastruktur statusu təsdiqlənsin, orada da təbii meydança olacaq.

 

- “Kəpəz” gedir, “Sabah” gəlir. Onsuz da, Premyer Liqanı “Bakı çempionatı” adlandırırdılar, belə də vəziyyət daha da pisləşəcək. Bölgələrin futboldan uzaq qalması nə dərəcə düzgündü?

- Biz də bölgələrin inkişaf etməsini istəyərdik. İK maksimum buna cəhd edir. Birinci divizion buna sübutdu, ora maliyyə ayrılır. Bir də özünü maliyyələşdirən klublar var, onlar isə Bakını təmsil edir. Məhz həmin klublara deyə bilmərik ki, gedin bölgəni təmsil edin. Əsas odu ki, davamlı klublar olsun, bir-iki mövsümlük yox. Birinci diviziona gəlincə, İK bizə, katibliyə, PFL-ə, məşqçilər komitəsinin sədrinə tapşırıq verdi, işçi qrupu yaradılacaq və divizionun yeni konsepsiyası hazırlanacaq. Orada şübhəli oyunların sayı artıb. Sıx olaraq mühafizə orqanları ilə əməkdaşlıq edirik. Hətta bu, artıq həftəlik halını alıb. İdman prinsiplərini qorumaq üçün konsepsiya hazırlanacaq. Oradakı “xəstəliy”i  məhv etməliyik.

 

- Birinci divizionda cəmi bir komanda lisenziya şərtlərini ödəyirsə, AFFA niyə bu qədər büdcə ayırır ora? Bir də, “Sabah”ın sizə yaxınlığı olduğu deyilir...

- Mənə yaxın? Anlamadım. “Sabah”ın təməli var. “Sabah”, əslində, “Vətən” klubudu. Onun təməli, sistemi, hüquqi bazası “Vətən” əsasında qurulub. İllərdi uşaq futboluna diqqət edirlər. U-19 liqada, aşağı yaş qruplarında “Vətən”ə rast gələ bilərsiz. Təşkilat olaraq, öz yarışları da var. Mən Təhsil Nazirliyində yox, AFFA-da işləyirəm. Bütün klublara peşəkar münasibətim var. Lisenziya şərtlərini klub təqdim edirsə, necə yalan danışım? Digər klublar bunu etməyib. Ediblərsə, gətirib göstərsinlər. Mən klublarla fərdi görüşmüşəm, soruşmuşam maliyyə mənbələrini, uşaq komandalarını, infrastrukturlarını. Nəinki yazılı, heç şifahi cavab ala bilmədim.

 

- Artıq neçənci ildi ki, birinci divizionda birinci yeri tutan komanda çempionata buraxılmır. Hətta “Xəzər” regiona - Qubaya köçməyə belə, razı idi. Niyə “Xəzər”ə mane olduz? Bir də, mütləq komandada AFFA-nın adamı olmalıdı deyə, bir tələbinizin olduğu haqda iddialar var...

- Heç kim mane olmadı. Keçmiş həmkarınız, “CBC Sport”un sabiq işçisi həmin iclasda olub. Müşahidə Şurasında AFFA-nın nümayəndəsinin olması kimi bir tələbimiz yoxdu. Bu, sadəcə, tövsiyədi. Əgər klubun maliyyə mənbəyi özüdüsə, belə bir şeyə heç ehtiyac yoxdu. Gördüyünüz kimi, fikirlər dramatik və sürətli şəkildə dəyişir: bir gün Bakı komandası, sonra bölgə... Strateji yanaşma olmalıdı, belə olmaz. Belə olan halda, İcraiyyə Komitəsinə məsuliyyət haqqını verə bilmərik. “Xəzər” davam eləsin, iki-üç il daha oynasın, strateji planını hazırlasın. Heç bir kluba subyektiv yanaşmırıq. Buna görə də, sənədləri İcraiyyə Komitəsinə təqdim edirik. Oradakı dövlətdə vəzifələri olan insanlardılar. Sənədləşməni yaxşı bilirlər.

 

- Yaxşı olardı ki, ümumi iclas olsun və media nümayəndələri suallarını ünvanlaya bilsinlər. İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini bilmək istərdik... Niyə belə bir imkan yaradılmadı?

- Lisenziyalaşdırma iclasından sonra saytda hər şey yerləşdiriləcək. Orada hər klubun nümayəndəsi olur. Sual vermək istəyirsizsə, jurnalist kimi İcraiyyə Komitəsinin üzvləri ilə əlaqə saxlaya bilərsiz. Dünyanın heç bir yerində bütün İK üzvləri brifinq təşkil etmir.

 

- Hakimlərlə bağlı maddi çatışmazlıqların yarandığı deyilir. Bu səbəbdən də, yay toplanışının keçirilməmə ehtimalı yaranıb...

-Düzü, Xəqani Məmmədovdan toplanışla bağlı təklif olmayıb. Komitə sədri olaraq müraciət etməlidi, toplanışın müddəti və proqramı barədə bizi məlumatlandırmalıdı. Ondan sonra müraciətə cavab verə bilərik. Ancaq indiyə kimi müraciət olmayıb. Yəqin ki, çempionatın sonunu gözləyir. Ümumi olaraq, toplanış üçün büdcəmiz var.

 

- Klublar forma üçün “Nike”la əməkdaşlığa başlayacaq?

- Artıq federasiya olaraq, “Nike” firması ilə əməkdaşlıq edirik. Əlavə olaraq, “Nike” Premyer Liqanın toplarla bağlı texniki sponsoru da olmaq istəyir. Bu barədə bizə müraciət daxil olub. Biz də öz növbəmizdə, Peşəkar Futbol Liqasına və klublara topların nümunələrini göndəririk. Pulsuz top istəyirlərsə, “Nike” hazırdı. Bir mövsüm üçün klubların hərəsinə 100 top verilə bilər. Məncə, bu, normalda 40-50 top alan klublara artıqlaması ilə bəs edər.

 

- Hakimlər Komitəsi və Hakim İnspektorlar Komitəsinin birləşməsi barədə söhbətlər gəzir. Bu barədə nə deyə bilərsiz?

- Bəzi ölkələr belə bir təcrübə var. UEFA-dan belə bir tələb yoxdu, sadəcə, onlardan tövsiyələr var. Bununla bağlı təhlil aparmamışıq. Növbəti iclaslarda bu məsələyə baxıla bilər.

 

- Mümkündürsə, “Sabah”ın maliyyə mənbəyini açıqlayardız?

- Hazırda ictimai birlik kimi fəaliyyət göstərirlər. Müvəqqəti tranzit müddətində MMC-dilər, eynilə “Keşlə” kimi. Bank zəmanətləri də var.

 

- Yeni təhsil nazirindən dəstək görürmü “Sabah”?

- Lisenziyalaşdırma prosesi nazir təyinatdan daha öncə başlayıb. Ancaq yeni nazirdən də məsələ ilə bağlı heç bir mənfi rəy almamışıq.