“Joze Alesionun məsələsi hələlik açıq qalıb”. Bunu apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Futzal millimizin və “Araz”ın sabiq çalışdırıcısı Joze Alesio ölkəmizdən qaçaraq, Qazaxıstanın “Kayrat” klubunda köməkçi məşqçi kimi işləməyə razılıq verib. Braziliyalı mütəxəssisin AFFA ilə müqaviləsini birtərəfli şəkildə pozmasına Elxan Məmmədovdan münasibət öyrəndik: “Onun məsələsinə bu gün baxılacaq. AFFA-nın hüquqşünası ilə bu barədə müzakirə aparacağıq. Müqaviləsinə riayət etmək istəməyən adamı zorla işlətmək olmaz. Ona görə də Alesionun özü ilə hələ indiyədək əlaqə saxlamamışıq. Onun bizə təzminat verməsi məsələsi hüquqşünasla məsləhətləşdikdən sonra dəqiqləşəcək”.
Yığmamız seçmə mərhələnin İtaliya və Xorvatiya ilə oyunlarına Çexiya Hava Yollarına məxsus təyyarə ilə yollanmalı oldu. Bunun səbəbi qaranlıq qalırdı. Elxan Məmmədov buna belə izah verib: “Millimizin bu səfərlərə AZAL şirkətinə məxsus olan təyyarə ilə uçmamağının səbəbi var. Biz çarter üçün sifariş verərkən AZAL-a məxsus təyyarələrin hamısı reysdə idi. Onları 6 günlüyə səfərdə saxlatmaq üçün isə çox pul tələb olunurdu. Bu üzdən məcburiyyətdən Çexiyadan təyyarə sifariş etdik”.
Səbuhi TOFİQOĞLU