Azərbaycan yığmasının qapıçısı Emil Balayevin çıxış etdiyi “Ayntraxt” klubu yoldaşlıq oyunu keçirib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, frankfurtlular Verbandsliqa təmsilçisi “Darmştadt”la üz-üzə gəliblər.
Aşağı liqa klubu ilə görüş “Ayntraxt”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Baş məşqçi Tomas Şaaf bu oyunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçulara şans verib. Emil Balayev da ilk “11-lik”də meydana çıxıb.
Oyuna yaxşı başlayan “Ayntraxt” ilk hissəni 3:0 hesabı ilə öndə bitirib. 80-ci dəqiqədə rəqib qollardan birinin əvəzini çıxsa da, hakimin final fitinə qədər Frankfurt klubu daha bir qol vuraraq, yekun hesabı müəyyənləşdirib.