Rusiyanın “Krılya Sovetov” klubunun şərəfini qoruyan Emin Mahmudovun Azərbaycan millisində oynamağa tərəddüd etməsinin səbəbi məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, 21 yaşlı həmyerlimizi düşünməyə vadar edən heç də Rusiya yığmasında oynamaq perspektivi deyil.
Əslində, Mahmudov millimizin formasını geyinməyi özü də istəyir. Ancaq bu addımı atacağı təqdirdə, Rusiyada legioner sayılacaq. Emin düşünür ki, bu halda Rusiya klublarına lazım olmaya bilər. Çünki şimal qonşularımız daha səviyyəli əcnəbilərlə əməkdaşlıqda maraqlıdırlar.
Bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov da saytımıza açıqlamasında federasiyanın seleksiyaçı əməkdaşının Eminlə görüşdüyünü, mütəmadi təmasda olduğunu və futbolçunun millimizdə çıxış etmək istədiyi açıqlamışdı. Düzdür, bundan sonra Mahmudov “Krılya Sovetov” klubunun rəsmi televiziyasına müsahibəsində yaxınlarda Bakıya səfəri zamanı sözügedən məsələ ilə bağlı heç kimlə görüşmədiyini və bütün fikrini klub karyerasına yönəltdiyini açıqlayıb. Ancaq bu, həmyerlimizin AFFA-nın seleksiyaçı əməkdaşı ilə heç vaxt görüşmədiyi anlamına gəlməməlidir. Çünki bu görüş Bakıda yox, Rusiyada olub.
Qeyd edək ki, Emin Mahmudov 27 aprel 1992-ci il tarixində Saatlıda doğulub. Ailəsi ilə birgə Rusiyaya köçən hücumameyilli yarımmüdafiəçi fəaliyyətini dayandıran “Saturn” klubunun yetirməsidir. O, 2013-cü ildə transfer olunduğu Moskva “Spartak”ında möhkəmlənə bilmədiyindən icarə əsasında “Tom” və “Krılya Sovetov”da çıxış edib. Samara təmsilçisi bu il qış fasiləsində Mahmudovun transfer hüququnu “Spartak”dan alaraq, onunla 3 illik müqavilə bağlayıb.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi