Neymarın PSJ-dəki möhtəşəm çıxışı onun yay “transfer pəncərəsi”nin ən uğurlu keçidi olduğunu söyləməyə əsas verir. Amma ötən yayın transferləri arasında kifayət qədər bahalı qiymətə alınıb, ancaq olduqca uğursuz çıxış edənlər də oldu. Kimisi yeni baş məşqçi ilə yola getmədi, kimisi də təzə komandasına uyğunlaşmaqda çətinlik çəkdi.
Apasport.az saytı bu yayın 10 ən uğursuz transferinin siyahısını təqdim edir. Əlavə olaraq bildirək ki, “Borussiya”dan “Barselona”ya keçən Usman Dembele və “Monako”nu “Mançester Siti”yə dəyişən Benjamin Mendi zədələri səbəbindən komandalarına kömək edə bilmədikləri üçün sözügedən siyahıya düşməyiblər.
10. Dalbert Enrike, “Nitsa” – “İnter”, 27 milyon avro

24 yaşlı müdafiəçi ötən mövsüm Fransa çempionatının əsas tapıntılarından biri idi. Gözlənilməz şəkildə Avrokuboklarda mübarizə aparmağa haqq qazanan “Nitsa”nın heyətində o çevikliyi və zirəkliyi ilə diqqət çəkirdi. Yayda aralarında “Yuventus”un da olduğu bir çox Avropa Klubları onu heyətinə qatmaq istəsələr də yekunda 20 milyon avro ödəyən “İnter” istəyinə nail oldu. Ancaq Milanda onun işi o qədər də asan olmadı. “Neradzurra”nın arxa xəttinin sol cinahında uzun müddətdir əvəzedilməzlərdən biri olan Naqatomo ilə rəqabətdə uduzan braziliyalı futbolçu sadəcə 3 oyunda əsas heyətdə meydana çıxa bilib. Görünür Dalbertə adaptasiya olmaq üçün müəyyən zaman lazımdı, ancaq bu da faktır ki, onun keçidi skautların səhvlərindən biridir.
9. Deyvi Klaassen, “Ayaks” – “Everton”, 27 milyon avro

“Ayaks”ın lideri və kapitanı “Everton”da ümumiyyətlə heyətə düşə bilmir. Oynadığı nadir hallarda isə meydanın mərkəzindəki ənənəvi yeri təmin olunmayıb. Premyer Liqada, Avropa Liqasında və Kubokda hərəsində 3 dəfə olmaqla meydana çıxan Klaassen bir neçə fərqli mövqedə sınanılıb. Maraqlı sual isə budur ki, o, niyə alınıb. Fakt budur ki, meydanın mərkəzində hollandiyalıya yer yoxdu. Əvəzində isə istedadlı futbolçu ehtiyatda məhv olur.
8. Keyta Balde, “Latsio” – “Monako”, 30 milyon avro

“Monako” yayda 4 əsas futbolçusunu itirdi. Buna görə də onları əvəzləmək üçün pul xərcləməkdən çəkinmədi. Bokayakonun yerinə mərkəzə Tilemans, hücumda isə Bernardo Silva və Kilian Mbappenin əvəzinə Stevan Yovetiç və Keyta Balde transfer olundu. Yovetiçə cəmi 11 milyon ödənmişdisə, Keyta 30 milyona başa gəldi.
O, ilk günlərdə daimi heyətə düşməyi bacarsa da, sonrada komanda ilə uyğunlaşa bilməməsi səbəbindən uzaqda qaldı. İndi isə “Monako”nun yeganə qol ümidi Falkaodur.
7. Danilo, “Real” – “Mançester Siti”, 30 milyon avro

Əgər sən müdafiənin cinahında Fabian Delflə rəqabət aparırsansa, deməli çox ciddi problemlərin var. Yayda Danilo Xosep Qvardiola ilə işləməyə çox istəyirəm deyərək “Çelsi”ni deyil “Mançester Siti”ni seçmişdi. Ancaq indi o, “Real” üçün darıxıdığını deyir. Premyer Liqada Delfə uduzan Danilo Çempionlar Liqasının son iki oyununda meydana çıxsa da, həm də Uolkerlə rəqabət aparmalıdır.
6. Denni Drinkuoter, “Lester” – “Çelsi”, 38 milyon avro

“Lester”in çempionluğunda gizli qəhrəmanlardan biri olan Denni Nqolo Kante ilə birlikdə yola çıxsa da, deyəsən səhv yerə gedib. “Çelsi”də əvvəlcə ehtiyatda qaldı, sonra zədələndi, sonra milli komandada skamdala qarışdı, ardınca yenə zədələndi, sonradan yenə ehtiyatda qaldı və indi də oyun üzünə həsrətdi. Hətta Timo Bokoyakonun qeyri-stabil oyunu belə onun meydana çıxmağı üçün yetərli deyil. Drinkuoter Premyer Liqada geridə qalan 18 turda cəmi 90 dəqiqə meydanda olmağa vaxt tapıb.
5. Andre Silva, “Porto” – “Milan”, 38 milyon avro

Yayda “Porto” maliyyə sanksiyasından qaçmaq üçün büdcədəki kəsri təcili qapatmalı idi. Klub ötən mövsümün tapıntısı olan Andre Silvanı satmağı qərara aldı. Portonun istedadlı oyunçularla bağlı yaxşı reputasiyası yaxşı olduğu üçün “Milan” onu almaq üçün çox da tərəddüt etmədi. Ancaq 38 milyon avro ödənmiş futbolçu dekabrın ortalarına kimi A seriyasında bircə qol da vurmayıb.
4. Federiko Bernardeski, “Fiorentina” – “Yuventus”, 40 milyon avro

İstedadlı italiyalı iki il “Fiorentina”da hücumun hər iki cinahında oynayaraq özünü yaxşı tərəfdən göstərə bildi. Ancaq “Yuventus”da o, heç yerdə oynaya bilmir. A seriyasında geridə qalan 17 turda cəmi 300 dəqiqə, Çempionlar Liqasında isə bir oyunda meydanda olan Bernardeskidən əslində komandanın lideri olması gözlənilirdi.
3. Leonardo Bonuççi, “Yuventus” – “Milan”, 42 milyon avro

Bonuççinin bədbəxtliyi təkcə pis oynamağında deyil, əslində vəziyyət daha çətindi. Onun transferi “Milan”da Montellanın qurduğu sistemi dağıtdı. Bonuççinin transferi ilə bütün yay məşq edilən 4-3-3 deyil 3-5-2 oynamalı oldular. Bununla da komanda düşüşə keçdi və hələ də özünə gələ bilməyib.
2. Qilfi Siqurdsson, “Suonsi” – “Everton”, 50 milyon avro

“Everton”dakı xaos təkcə bir oyunçunun günahı deyil. Baxmayaraq ki, onun üçün klub tarixinin rekord məbləğini ödəyiblər. Qilfinin problemi isə başqadır. “Suonsi”də olarkən onun qolları və ötürmələri ilə komandası 15-18 xal toplaya bilirdi. Ancaq Kuman onu fərqli mövqelərdə sınadığı üçün Siqurdson düşməyə başladı.
1. Bernadro Silva, “Monako” – “Mançester Siti”, 50 milyon avro
![]()
Sensasiyalı “Monako”nun liderlərindən biri olan Silva “şəhərlilər”ə böyük pullar hesabına başa gəldi. Ancaq Kevin De Brün, David Silva, Rahim Sterlinq, Leroy Sane və Qabriel Jezusun yer aldığı hücum qrupunda ona sadəcə yer qalmır. Bernardo istəniln cinahda özünü göstərə bilər, baxmayaraq ki, “Monako”da əsasən sağ cinahda çıxış edirdi. “Mançester Siti”də isə o Sane və Sterlinq ilə rəqabət aparmalıdır ki, göründüyü kimi bunu yaxşı bacarmır. Meydanın mərkəzində isə cəmi 4 dəfə əsas heyətdə meydana çıxa bilib.