“Çelsi”də cari mövsümün ilk yarısının “ən”ləri açıqlanıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “zadəganlar”ın ən zəif oyunçusunu seçmək üçün iki nəfər arasında seçim aparılıb.
Bunlar müdafiəçi Davide Zappakosta və yarımmüdafiəçi Villiandı. Yay fasiləsində “Torino”dan transfer edilən 25 yaşlı Zappakosta digər cinah oyunçusu Viktor Mozesin zədəli olduğu vaxtlarda şans qazanıb. İtaliya millisinin üzvü Çempionlar Liqasında “Qarabağ”la Londondakı qarşılaşmada da aktivinə qol yazdırıb. Lakin o, ümumilikdə Mozesin alternativi hesab edilib.
Həmkarlarımız mövsümün ən zəifi kimi isə Villianı seçiblər. Noyabrın sonları, dekabrın əvvəllərində qısa müddət yaxşı təsir bağışlayan braziliyalı yalnız “Haddersfild”lə və “Qarabağ”la Bakıdakı görüşün qəhrəmanı olmağı bacarıb. Ümumilikdə yerli azarkeşlər kimi, jurnalistlər də cari mövsümün Villian üçün biabırçı keçdiyi qənaətinə gəliblər.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda “Çelsi”nin “Qarabağ” üzərində 4:0 hesablı qələbə qazandığı qarşılaşmada Villian 2 qol vurub, komandasına 2 penalti qazandırmışdı.