“Adımın 19 yaşadək futbolçulardan ibarət yığma ilə birgə çəkildiyini mən də eşitmişəm. Həm mətbuatdan, həm də qıraq-bucaqdan. Ancaq rəsmi şəkildə heç kim mənə müraciət etməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.
Nikolay Adamın 19 yaşadək futbolçulardan ibarət milli komandamızdan ayrılıb, Hindistana yollanmasından sonra onu kimin əvəzləyəcəyi hələ bilinmir. Adamı əvəzləməyə namizədlər sırasında Əsgər Abdullayevin adı daha çox hallanır.
“Araz Naxçıvan” klubu dağıldıqdan sonra işsiz qalan Abdullayev həmin vəzifəni tutmağa hazırdı: “Futbolda asan iş yoxdu. Təbii ki, millidə çalışmaq çətindi. Amma mən buna hazıram. Əvvəllər də yığmanın aşağı yaş qrupları üzrə komandalarında işləmişəm, özü də ilk fəaliyyətim məhz U-19-da olub. Sadəcə, o vaxtlar bu komandanın adı U-18 gedirdi. Orda çalışdıqdan sonra U-21, daha sonra isə əsas millidə fəaliyyət göstərdim. Yəni, U-19 mənim üçün yad deyil. Bu yaş qrupu həm olimpiya, həm də əsas yığmaya futbolçu vermək mənasında mühüm rol oynayır. Əgər məni həmin posta dəvət etsələr, niyə də razılaşmayım? İşimin öhdəsindən gələrəm”.