“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev və “Qəbələ”nin hücumçusu Vaqif Cavadov uzunmüddətli həsrətə son qoyublar. Apasport.az saytının məlumatına görə, hər iki oyunçu cari mövsümdə ilk dəfə meydançaya çıxıb.
Topaz Premyer Liqasının X turunda “Rəvan” üzərində minimal hesablı (1:0) qələbə qazanan Ağdam klubunda Vəliyevin 19 oyunluq həsrəti başa çatıb. Ötən mövsüm ölkə kubokunun final, həmçinin bu mövsüm Premyer Liqanın 9, Çempionlar Liqasının 4 və Avropa Liqasının 5 görüşünü buraxan Vəliyev bununla 1710 dəqiqədən sonra çərçivəyə keçib.
Axırıncı dəfə ötən mövsümün “İnter”ə qarşı (22 may) son turunda (1:2) iştirak edən yığmamızın sabiq üzvü 159 günlük həsrətə son qoyub.
Həmçinin, Vaqif Cavadov da sonuncu dəfə mayında meydançaya çıxmışdı. Ötən mövsüm Türkiyə I liqasında çıxış edən “Boluspor” klubunun formasını geyinmiş Cavadov axırıncı dəfə “Elazığspor”la (0:0) qarşılaşmada oynamışdı.
Boluda keçirilən XXXI turun matçı mayın 3-nə təsadüf etmişdi. Həmin oyunun son 12 dəqiqəsində şans əldə etmiş Vaqif dönüşünü dünən AZAL-la X tur görüşündə qeyd edib. Yayda “Xəzər Lənkəran”la anlaşan, lakin orda debüt etməmiş “Qəbələ”yə icarəyə verilən 26 yaşlı hücumçunun həsrəti 178 gün çəkib.