[b]Fərqli tarix, yuxusu qaçan əfsanə... - erkən final öncəsi fikirlər[/b]
03.04.2018 - 10:47
[b]Fərqli tarix, yuxusu qaçan əfsanə... - erkən final öncəsi fikirlər[/b]

Bu gün Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk gündə “Yuventus” “Real”ı, “Sevilya” isə “Bavariya”nı qəbul edəcək.

 

Təbii ki, bütün diqqətlər Turindəki qarşılaşmaya yönələcək. ÇL-in son finalçıları bu dəfə yarımfinala vəsiqə uğrunda üz-üzə gələcəklər. “Yuve” doğma arenasında qol buraxmadan qələbə qazanmağa çalışacaqsa, “Real”ın məqsədi səfərdə rəqib qapısından mümkün qədər çox top keçirmək olacaq.

 

Oyundan öncə hər iki komandanın üzvləri matç haqda fikirlərini bildiriblər.

 

Massimiliano Alleqri (“Yuventus”un baş məşqçisi): “Çempionlar Liqasının ən güclü klublarından biri ilə qarşılaşacağıq. Bu cür matçlarda hətta 180 dəqiqə davam etsə belə, mübarizədən qopmamaq önəmlidi. Ötən mövsüm Kardiffdə keçirilən finalı dəfələrlə izləmişəm. Düşünürəm ki, çətin anlarda daha yaxşı hərəkət etməyə başlamışıq. Bu, bizim üçün təntənəli gecə olacaq. Azarkeşlər son üç ildə turnirin finalında iştirak etmiş komanda ilə qürur duymalıdılar. Onların dəstəyinə ehtiyacımız var. Rəqibin heyətində Beylin ilk dəqiqələrdən meydanda olmasını gözləyirəm. Boş zona verdiyin zaman “Real” çox təhlükəli olur. Topa nəzarət etməli və onu itirdiyimiz zaman boşluq buraxmamalıyıq. Çünki Madrid klubunun Ronaldo kimi hücumçusu var. 30 yaşdan sonra oyun üslubunu dəyişməyi bacardığı üçün onu təbrik edirəm. “Real” 12 dəfə Çempionlar Liqasının qalibi olub, qeyri-adi klubdu. Amma meydanda “Yuventus” da onların səviyyəsində olacaq. Bizim bəzi itkilərimiz var. Orta sahədə Pyaniçin yerinə ya Markizio, ya da Bentankur çıxış edəcək. Müdafiədə isə Barzalyi ilə Ruqani arasında seçim edəcəyik. Dibaladan yaxşı oyun gözləyirəm. Çünki əla formadadı”.

 

Canluici Buffon (“Yuventus”un kapitanı): “Real” kimi komanda ilə görüşdüyün zaman bir futbolçunun yoxluğu ciddi fərq yaratmır. Ronaldoya qarşı oynamaq yuxumu qaçırıb, yuxusuz gecələrimin sayını artırıb. Ən istedadlıların hər zaman qalib gəlmədiklərini əvvəlki mərhələdə gördük. Əgər qarşıdakı iki oyunda “Real”dan güclü olsaq, inanılmaz bir işi həyata keçirmiş olacağıq”.

 

Corcio Kyellini (“Yuventus”un müdafiəçisi): “Real”a böyük hörmətim var. Amma bu o demək deyil ki, onları məğlub etmək mümkün deyil. Əgər Çempionlar Liqasının finalında oynamaq istəyirsənsə, böyük klublara qalib gəlməlisən. Rəqibin mərkəz müdafiəçisi Serxio Ramosun oyun bacarığına heç vaxt malik olmayacam. Onun səviyyəsində ola bilmərəm. Ramos dünyanın ən güclü müdafiəçisidi və oyunları düzgün təhlil edə bilir. Ronaldo isə hər zaman qol vurmağı bacarır. Təbii ki, “Real” Ronaldodan böyükdü. Amma portuqaliyalının parlaq çıxışı komandasının qələbələrinə töhfə verir. Onu dayandıracağımızı düşünmək özümüzə həddən artıq inanmaq olardı. Bunun üçün bəxt lazımdı”.

 

Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “Turinə yaxşı oyun keçirmək üçün gəlmişik. Kardiffdəki finalın budəfəki matça heç bir təsiri yoxdu. Bu barədə düşünmürəm. İndi tamam fərqli tarixdi. Bütün futbolçular özünü vacib hesab etməli və start heyətində meydana çıxacaq səviyyədə hazırlaşmalıdı. Oyun hər iki komanda üçün vacibdi. “Yuventus” həmişə güclüdü və cari mövsüm bunu sübut edib. Onlar mükəmməl komandadı. Rəqibin güclü müdafiə və hücum xətti var. Bu üzdən ehtiyatlı olmalıyıq. Ötənilki finaldan bəri komandalarda ciddi dəyişiklik olmayıb. Ancaq indi tam fərqli matçlar olacaq. Cari mövsüm heç də ürəyimcə başlamadı, amma xoşbəxtəm. Çünki “Real” indi yaxşı vəziyyətdədi. “Yuventus” və “Real”da futbola baxış oxşardı. Orda oynayarkən bunu başa düşdüm. Gələcəkdə “Yuventus”a rəhbərlik edərəmmi? Heç vaxt “heç vaxt” demə. Amma “Real”dakı işimdən məmnunam. Yalnız bu klub haqda düşünürəm. Bizim öz məqsədlərimiz var. Rəqibin kimliyindən və keçmiş nəticələrdən asılı olmayaraq, hər zaman qələbə qazanmağa çalışırıq”.

 

Luka Modriç (“Real”ın yarımmüdafiəçisi): “Belə oyunlarda təcrübə və kiçik detallar böyük rol oynayır. İki güclü komanda üz-üzə gələcək. Daha az səhvə yol verən və şanslarından maksimum yararlanan qalib gələcək. Bizim Ronaldo kimi futbolçumuz var. O, hazırda əla formadadı. Ronaldonun son vaxtlar vurduğu qolların sayını belə unutmuşam. Onun bu mövsüm çox yüklənməməsi bizim üçün çox vacib məqamdı. Növbəti mərhələyə çıxmaq şansımız rəqibdən çoxdu. “Yuventus”un bizi favorit sayması yaxşıdı. Deməli, bizə hörmətlə yanaşırlar”.