[b]FİFA qaydalarından xəbərsiz futbolçu: Fərqli ölkədən təklifim var[/b]
19.12.2017 - 13:38
[b]FİFA qaydalarından xəbərsiz futbolçu: Fərqli ölkədən təklifim var[/b]

Albaniyanın “Kukesi” klubu ilə yenicə yollarını ayıran Azərbaycan millisinin hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

 

- “Kukesi” ilə yollarınızı rəsmən ayırmısınız?

- Bəli, ora ilə heç bir əlaqəm qalmayıb. “Kukesi” ilə artıq vidalaşmışam, transfer vərəqəm də əlimdədi.

 

- “Kukesi”də uğurlu çıxış edirdiniz. Belə gözlənilməz ayrılığın səbəbi nə idi?

- Bu haqda hələ geniş danışa bilməyəcəm. Bəzi problemlər var idi. Ona görə ayrılmışam.

 

- Karyeranızı Azərbaycanda davam etdirmək istəyirsiniz?

- Açığı, tam fərqli bir ölkədən də təklifim var. Amma bu haqda bir qərar verməmişəm.

 

- Xəbəriniz var ki, FİFA-nın qaydalarına görə, bir mövsüm ərzində 3-cü klubda çıxış edə bilməzsiniz?

- Düzü, bundan xəbərim yox idi, bilməmişəm. Ancaq məsələ burasındadı ki, “İnter”lə müqavilə müddətim iyunun 30-dək idi. Bu səbəbdən keçəcəyim komanda 3-cü klub sayılmamalıdı.

 

- Ancaq 2017-18 mövsümündə “İnter”in heyətində Avropa Liqasında 4 oyun keçirmisiniz...

- Burda əsas şərt müqavilə müddətidi ki, mənim də anlaşmam 30 iyunda bitirdi.

 

- Bununla bağlı FİFA-ya müraciət etmək fikriniz var?

- Yəqin ki, müraciət edəcəm. Amma əvvəlcə prosesin gedişinə baxacam.

 

- “Keşlə” 3-cü klub sayılmır. Bu komandaya qayıtmaq variantı planınızda varmı?

- Bu barədə hələ heç nə deyə bilməyəcəm. Çünki FİFA-nın tələbini elə indi öyrənmişəm.

 

- Adınız “Qəbələ” və “Neftçi” ilə də birgə hallanırdı. Bu komandalardan təklif almısınızmı?

- Bu dəqiqə bütün diqqətimi 3-cü klubla bağlı yaranmış problemi həll etməyə yönəltmişəm. Transfer məsələsi sonranın işidi.

 

- Bu problemi bildikdən sonra “Kukesi”dən ayrılmağınıza peşman olmamısınız?

- Hər şeyi indi öyrənmişəm. Amma istənilən halda, ayrılmağıma peşman deyiləm.

 

- “Kukesi” rəhbərliyi komandaya qayıtmağınızı istəsə, cavabınız nə olar?

- Xeyr, qayıtmaram.

 

Ruslan SADIQOV