[b]FİFA reytinqi: Azərbaycan yığması Avropada rekord vurdu![/b]
09.04.2015 - 13:30
[b]FİFA reytinqi: Azərbaycan yığması Avropada rekord vurdu![/b]

Bu gün açıqlanan FİFA reytinqində ən çox irəliləyişə nail olan milli komandaların siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, 24 pilləlik sıçrayışla 139-cu yeri 115-ə dəyişən Azərbaycan yığması da fərqlənənlər sırasındadı.

 

Ən böyük irəliləyişə isə Butan nail olub. Ötən ay 209-cu olan komanda 46 pillə inkişaf edib, 163-cü sıraya qalxıb.

 

Bermud adaları 40, Timor-Leste 33, Nikaraqua 31, Hindistanla Suriya hərəyə 26 pillə irəli gedib. Bu inkişaf dərəcəsində 7-ci olan Azərbaycan millisi mövqeyini Amerika Virgin adaları ilə bölür.

 

Robert Prosineçkinin baş məşqçisi olduğu yığmamızı arxada qoyan və millimizlə şərik olan 7 komandadan heç biri UEFA-ya üzv assosiasiyaları təmsil etmir. Bu isə o deməkdi ki, dünyada 7-ci göstəriciyə malik yığmamız son siyahıda Avropa rekordçusudu.

 

Köhnə qitədə ən böyük inkişafa nail olan millimizin yaxın izləyicilərimiz isə Uelslə Belarusdu. Onların hər ikisi 15 pillə irəliləyib. Sonuncular 98-ci yeri 83-ə, britaniyalılar isə 37-ni 22-yə dəyişib. Bu iki komanda, həmçinin Bruney ümumi inkişaf siyahısında 9-11-ci yerlərdə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıda 115-ci olan yığmamızın hesabında 264 xal var. Komandamızın 66 xal qazanıb 24 pillə irəliləməsi AVRO-2016-nın seçmə mərhələsinin Bakıda Malta ilə oyununda əldə olunan 2:0 hesablı qələbə sayəsində mümkün olub.